Beynəlxalq Mstislav Rostropoviç Festivalına yekun vuruldu
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Beynəlxalq Mstislav Rostropoviç Festivalının təntənəli bağlanış mərasimi keçirildi. Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkil etdikləri festivalın bağlanışında paytaxtımızın sakinləri və şəhərimizin qonaqları simfonik musiqi əsərləri və klassik opera nümunələrini dinləmək imkanı qazandılar. Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında dünya şöhrətli bəstəkar L.Bethovenin "Eqmont" operasından və digər əsərlərindən parçalar səsləndi. Orkestrin dirijoru M.Rostropoviçin tələbəsi Maksim Vengerov, solistlər Rey Çen, Ksavye Fillips, Filipp Kopaçevski idi. Sonra Azərbaycan Dövlət Xor Kapellasının nəzdindəki Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin uşaq xoru UNİCEF-in himnini ifa etdi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, xarici dövlətlərin Azərbaycandakı səfirləri, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.