“Caz-muğam”ın banisinə həsr olunmuş gecə
Bakı Caz mərkəzində dahi Azərbaycan musiqiçisi, "Caz-muğam"ın banisi Vaqif Mustafazadənin dünyasını dəyişdiyi gününün 30 illiyinə həsr edilmiş gecə keçiriləcəkdir. Tədbir 16 dekabr tarixində mədəniyyət və turizm nazirliyi və Vaqif Mustafazadə adına xeyriyyə fondunun birgə təşkilatçılığı ilə keçiriləcək. Gecəyə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri dəvət edilmişdir. Gecənin proqramına Vaqif Mustafazadənin ev-muzeyinin əməkdaşları tərəfindən hazırlanmış Vaqif Mustafazadə saytının təqdimetmə mərasimi və "Retro-Sevil" ansamblının çıxışı daxildir. Bədii rəhbəri məşhur "Sevil" ansamblının solisti Rəna Talıbova, prodüseri Vaqif Mustafazadənin dayısı qızı Afaq Əliyeva.
2005-ci il mart ayının 16-da Vaqif Mustafazadənin anadan olmasının 65-ci ildönümündə, əsaslı bərpa işlərindən sonra görkəmli həmyerlimiz, musiqiçi və bəstəkarın xatirə ev-muzeyinin açılışı baş tutdu. Respublikanın əməkdar artisti, caz muğamının banisi, bəstəkar və pianoçu, vəfatından sonra isə Dövlət mükafatı laureatı adına layiq görülən Vaqif Əziz oğlu Mustafazadə 1940-cı il martın 16-da Bakıda, İçərişəhərdə anadan olub.
Musiqiyə vurğunluğu elə göz açdığı ailədən başlayıb. Atası Mustafazadə Əziz Əbdülkərim oğlu 1912-ci ildə Şəkidə anadan olub. Hərbi həkim olmaqla yanaşı musiqiyə böyük həvəs göstərib, tarda, kamançada gözəl ifa etməyi bacarırdı. Anası Zivər xanım Əliyeva dahi bəstəkar Üzeyir Hacıbəyovun tələbələrindən biri, ilk qadın pianoçulardandır.
Vaqif Mustafazadə ilk musiqi təhsilini anası Zivər xanımın dərs dediyi 1 nömrəli musiqi məktəbində almışdı. Vaqif 1957-ci ildə Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub, bununla bərabər 1958-ci ildən əmək fəaliyyətinə başlayıb. Əvvəlcə xalq çalğı alətləri orkestrində pianoçu, az sonra isə Azərbaycan Radio Komitəsində pianoçu-solist kimi işləyib. 1965-ci ildə Tbilisidə "Orero" ansamblına musiqi rəhbəri kimi dəvət alır. Elə həmin ildə "Qafqaz" caz triosunu yaradır. 1966-67-ci illərdə Tallində keçirilən beynəlxalq caz festivalındakı qələbəsi ona ümumdünya şöhrəti gətirir.
1968-ci ildə Bakıya qayıdan Vaqif Mustafazadə böyük və səmərəli işlər görür. O "Caz-trio", "Leyli", "Caz-Muğam" ansambllarını yaradır, Tbilisidə, Bakıda, Donetskdə keçirilən caz festivalları və konkurslarda qələbə qazanır. "Melodiya" firmasında onun 9 albomu çıxır.
1979-cu ildə Fransanın Monako şəhərində keçirilən caz kompoziyaları festivalında Vaqif Mustafazadə dünyanın ən yaxşı bəstəkarı adına layiq görülür.
Daşkənd qastrolu Vaqif Mustafazadə üçün faciəli qurtarır. 16 dekabr 1979-cu ildə çıxış zamanı o, ikinci infarkt keçirir. Onu xəstəxanaya aparırlar, ancaq təəssüf ki, musiqiçini xilas etmək mümkün olmur.
Vaqif Mustafazadənin qızları Lalə və Əzizə bu gün atalarının yolunu davam etdirirlər. Musiqiyə həvəs və istedad atasından övladlarına irsən keçib. Lalə Mustafazadə istedadlı ifaçı-musiqiçidir, Fransada keçirilən dünya xalqları müsabiqəsində 1-ci yerə layiq görülüb. Uğurlu ifasına görə "Qran-Pri" qazanıb. Vaqif Mustafazadənin ikinci qızı Əzizə dünyanın məşhur caz pianist və müğənnisidir. Əzizə Mustafazadə Amerikada keçirilən ümumdünya müsabiqə və caz festivalı laureatı olub. 100-ə yaxın müxtəlif janrlı nıusiqi əsərlərinin müəllifidir.
Vaqif Mustafazadənin xatirəsini əbədiləşdirmək, ideyası onun anası Zivər xanıma məxsusdur. O, illər boyu oğlunun fotoşəkillərini, notlarını, albom və haqqındakı materialları toplamışdır. 1997-ci ildə Zivər xanımın vəfatından sonra onun işini Vaqifin dayısı qızı Afaq xanım Əliyeva davam etdirmişdir. Musiqiçiyə yaxın insanların bu işdə səy göstərməkləri dəyərləndirilmişdir. Hal-hazırda Vaqif Mustafazadənin ev-muzeyinə dövlət statusu verilmişdir.
Vaqif Mustafazadə adına mədəniyyət-xeyriyyə fondu tərəfindən muzeyin əsaslı təmiri təşkil edilmiş və təmir işləri 5 aydan bir az artıq davam etmişdir. Fundamental bərpa işlərinə baxmayaraq, burada Vaqif Mustafazadənin yaşayıb-yaratdığı vaxtların stili və atmosferi saxlanılmışdır. Təmir boyu həm də, muzeyin ekspozisiyası yenilənmişdir, bir neçə təzə eksponat əldə edilmişdir. Girişdə qonaqları Azad Zeynalovun yonub yaratdığı heykəl qarşılayır, yan tərəfdə divarda, işıqlandırılmış heykəli, - Ömər Eldarovun işi olan barelyefi görmək olar. Bu yaxınlarda ev-muzeyinin ekspozisiyasında yeni bədii əsərlər - Vaqif Mustafazadənin heykəltəraşlıq portreti və qalvanik portreti (rəssam Asim Quliyev), musiqiçinin və onun qızı Əzizənin portreti və əməkdar rəssam Namiq Zeynalovun işi olan cazmenin daha bir portreti nümayiş etdirilmişdir. Hal-hazırda qapısı bütün görüşə gələnlər üçün həmişə açıq olan muzeydə 153 foto, 15 afişa, həmçinin, kino və videomateriallar, diplomlar, sertifikatlar, val və fotoalbomlar saxlanılır.