PDF Oxu

Mədəniyyət

  • 20

İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş Beynəlxalq Nəsimi Elmi Konfransı

İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş Beynəlxalq Nəsimi Elmi Konfransı
"Bakı İslam Mədəniyyətinin Paytaxtı - 2009" ili çərçivəsində cari ilin 14-16 dekabr tarixində mədəniyyət və turizm nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycanın görkəmli şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş Beynəlxalq Nəsimi Elmi Konfransı keçirir.
Konfransda Hələb vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müavini Məhəmməd Qacca, Hələb vilayətinin müftisi doktor Mahmud Ökkəm, Nəsiminin yaradıcılığı ilə məşğul olan alimlər İsam Qəsəbçi və Məhəmməd Kamal, habelə, İran İslam Respublikasından professor Cavad Heyət iştirak edəcəklər. Konfransda Azərbaycanın görkəmli alimlərinin çıxışları dinləniləcəkdir.
Mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən, konfrans çərçivəsində Hələb şəhərində yerləşən İmadəddin Nəsiminin türbəsində yenidənqurma və genişləndirmə işlərinin aparılması istiqamətində əməkdaşlıq məsələlərinin müzakirə edilməsi planlaşdırılır. 600 il ərzində qorunub saxlanılmış böyük şairin qəbrinin hər iki xalq üçün əziz olduğu və bu birləşdirici amilin xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin daha da gücləndirilməsinə təkan verə biləcəyi nəzərə alınaraq, mədəniyyət və turizm nazirliyi tərəfindən İmadəddin Nəsiminin türbəsinin bərpası, yenidən qurulması, orada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması barədə təkliflər hazırlanmışdır.
2008-ci ilin noyabrında İmadəddin Nəsiminin uyuduğu Hələb şəhərində böyük şairin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilmiş, Hələb vilayətinin müvafiq dövlət orqanlarında Nəsiminin məqbərəsinin vəziyyəti, onun bərpası istiqamətində azərbaycanlı və suriyalı mütəxəssislərin əməkdaşlığı, Hələb şəhərinin memarlıq üslubu nəzərə alınmaqla, kompleksin interyerində Azərbaycan memarlıq elementlərini əks etdirən müəyyən yenidənqurma və genişləndirmə işlərinin aparılmasına dair ilkin razılıq əldə edilmişdir.
2009-cu ildə 640 illik yubileyi qeyd olunan Nəsiminin xatirəsinə həsr olunmuş tədbirlər, onun məqbərəsinin yenidən qurulması ilə bağlı görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı əsasında həyata keçirilir. Əsası Ulu Öndər Heydər Əliyev və Suriya Ərəb Respublikasının mərhum Prezidenti Hafiz əl-Əsəd tərəfindən qoyulmuş Azərbaycan-Suriya əlaqələri son dövrlər daha yüksək səviyyəyə qalxmış, ikitərəfli əlaqələrin sürətli inkişafı üçün münbit şərait yaranmışdır. Suriya Ərəb Respublikasının Prezidenti cənab Bəşər əl-Əsəd 2009-cu ilin iyul ayında Azərbaycana səfər etmiş, səfər çərçivəsində çoxsaylı ikitərəfli sənədlər imzalanmışdır.
Bakı şəhərində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş Beynəlxalq Nəsimi Elmi Konfransının proqramına əsasən, 14 -16 dekabrda AMEA-nın Rəyasət Heyətinin böyük akt zalında açılış mərasimi keçiriləcək. Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Hələb qubernatorunun mədəniyyət məsələlər üzrə müavini Məhəmməd Qəccə, Hələb vilayətinin müftisi Mahmud Ökkəm və başqaları çıxış edəcəklər. Eyni zamanda, konfrans çərçivəsində AMEA-nın müxbir üzvü Yaqub Mahmudov "Nəsiminin dövrü", akademik Bəkir Nəbiyev "Nəsimi qəzəlindəki bir qədim qafiyə yuvasının izi ilə", Hələb Universitetinin professoru İsam Qəsəbçi "Eşq yolunda ölüm, Nəsimi Azərbaycanın Mənsur Həllacıdır", AMEA-nın müxbir üzvü Əliyar Səfərli "Nəsiminin elmi tərcümeyi-halının yazılması zərurəti və nəsimişünaslığın bəzi problemləri", professor Gövhər Baxşəliyeva "Nəsiminin ərəbcə qəzəllərinin ideya-məzmun və bədii-estetik xüsusiyyətləri", professor Qəzənfər Paşayev "Nəsimi irsinin tədqiqi və nəşri tarixinə bir nəzər", AMEA-nın müxbir üzvü Rafael Hüseynov "İslam Şərqində və Nəsimi şeirində musiqi", Hələb Universitetinin professoru Məhəmməd Kamal "İmadəddin Nəsimi - cinayət qurbanı", professor Məmməd Adilov "Nəsimi və din", AMEA-nın müxbir üzvü Teymur Kərimli "Nəsimi yaradıcılığında kiçiltmə poetik fiqurunun ideya-estetik funksiyaları" mövzusunda elmi məqalələrlə çıxış edəcəklər.
Tədbirdə konfransın işinin nəticələri müzakirə ediləcək, "Nəsimi" filmi nümayiş olunacaq.

Digər xəbərlər