“İkinci Dünya müharibəsindən sonra alman ədəbiyyatı üzrə Nobel mükafatçıları” kitab və fotoşəkil sərgisi
Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə sıx əməkdaşlıq edir. Bu ölkələr sırasında Almaniya səfirliyi ilə əməkdaşlıq, xüsusən, diqqəti cəlb edir. Belə ki, kitabxana səfirlik ilə birgə silsilə tədbirlər həyata keçirir. 2009-cu ilin dekabr ayının əvvəllində AMEA-nın Rəyasət Heyətində MEK-lə Almaniya səfirliyinin birgə belə bir tədbiri nəzərdə tutulmuşdur. Keçiriləcək tədbir "İkinci Dünya müharibəsindən sonra alman ədəbiyyatı üzrə Nobel mükafatçıları"nın kitab və fotoşəkil sərgisinə həsr olunur. Bildiyimiz kimi, Nobel mükafatının verilməsinin 100 ildən artıq tarixi vardır və bu mükafat dinindən və milliyyətindən asılı olmayaraq, daha işıqlı şəxsiyyətlərin aşkar olunmasına xidmət edir. Nobel mükafatı hər il elm, ədəbiyyat və incəsənət sahəsində öz fəaliyyətləri ilə bəşəriyyətə daha çox fayda gətirən şəxslərə verilir. Nobel mükafatı laureatları arasında almanlar çoxluq təşkil edir. Bugünkü sərgidə alman dilli ədəbiyyat üzrə Nobel mükafatçılarından T.Mannın, H.Hessenin, Q.Qrasın, E.Elinekin, N.Zaksın, B.Bellin və b. müxtəlif dillərdə əsərləri, internet materialları və fotoşəkilləri nümayiş etdirilir. Nobel mükafatı yeni-yeni namizədləri nadir nailiyyətlər əldə etməyə həvəsləndirir ki, bu da bəşəriyyətin elmi tərəqqisinə təkan vermiş olacaq və bu mükafatın 100 illik tarixi bizdə elmin inkişafı haqqında tamamlanmış və çox əhəmiyyətli təsəvvür yaradır.