“Bakı gecələri-2009” estrada mahnı müsabiqəsi
Rəşid Behbudov adına Mahnı Teatrında "Bakı gecələri-2009" estrada mahnı müsabiqəsinin final mərhələsi keçirilib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhəri İcra Hakimiyyətinin dəstəyi ilə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən təşkil olunan tədbirin əsas məqsədi estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi, mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin və estrada mahnı janrının inkişaf etdirilməsi, beynəlxalq müsabiqələrdə Azərbaycanı yüksək səviyyədə təmsil edə biləcək gənc ifaçıların üzə çıxarılmasıdır.
Konsertdə 60-dək mahnı içərisindən seçilmiş 25 mahnı ifa olunmuş, münsiflər heyəti onları 10 ballıq sistem üzrə qiymətləndirmişdir.
Qaliblər müsabiqənin yekunu olaraq yaxın vaxtlarda Heydər Əliyev Sarayında təşkil olunacaq qala-konsertdə müəyyən olunacaqlar. Qala-konsertdə, eyni zamanda, "Ən yaxşı ifaçı", "Ən yaxşı söz müəllifi" və "Ən yaxşı bəstəkar" nominasiyaları üzrə mükafatçıların da adları açıqlanacaqdır.