“Salam, mənim mələyim” filmi festivala vəsiqə alıb
Belorusun BelaPAN agentliyinin verdiyi məlumatına görə, Minskdə keçirilən "Xəzan-2009" kinofestivalında Oqtay Mirqasımın "Salam, mənim mələyim" filmi Azərbaycanı təmsil edəcəkdir.
Xalq artisti Oqtay Mirqasımov noyabrın 19-da Minskdə keçirilən mətbuat konfransında bu filmə qədər müxtəlif janrlarda 40-a yaxın ekran əsərini çəkdiyini bildirmişdir.
Rejissor filmdən söhbət açarkən öz yeganə övladını, oğlunu dolandırmaq üçün hər cür əziyyətlərə qatlaşan, teatrda gedən çəkişmələrə, intriqalara dözən, keçmiş zabitin dul qalmış arvadı olan aktrisa obrazı yaratdığını bildirmişdir.
Oqtay Mirqasım BeloPAN-ın əməkdaşına müsahibəsində bildirmişdir ki, ölkələrin bir-biri ilə anlaşması mədəniyyətlərə körpü olacaqdır. O, "Belorusfilm"lə birgə əməkdaşlığa razı olardınızmı" sualını müsbət cavablandırmış və bu əlaqələrin hər iki xalqın kino sənətinin inkişafına böyük fayda verəcəyini söyləmişdir.