Londonda Azərbaycan sərgisi
"Nobel" mükafatının ianəçisi Alfred Nobel vəfat edən zaman onun varidatının əksər hissəsi onun dinamit istehsalı ilə məşğul olan şirkətlərindən deyil, digər şirkətlərindən, daha konkret desək, o vaxtlar dünyanın ən böyük neft şirkətlərindən biri olan "Nobel Qardaşları" neft hasilatı şirkətindən əldə etdiyi gəlirlərindən təşkil edilmişdi".
Bu sözlər Nobellər Ailəsi Cəmiyyətinin sədri Tomas Tidenin bu yaxınlarda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "StatoilHydro-Abşeron" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin böyük dəstəyi ilə yüksək səviyyədə təqdimatı keçirilmiş "Nobellər və Bakı nefti" kitab-albomuna yazdığı ön sözdən götürülüb.
Kitabın təqdimat mərasimi sentyabrın 15-də Muzey Mərkəzində "Əsrin Müqaviləsi"nin imzalanmasının 15 illiyinə və Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin 130 illiyinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərginin açılışı zamanı keçirilmişdir. Sərgidə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətini əks etdirən foto-sənədlər, onlara məxsus əşyalar, habelə, Nobel qardaşlarına və Azərbaycan neft sənayesinin inkişafına həsr edilmiş 8 dəqiqəlik sənədli film nümayiş etdirilmişdir. Bu sərgini digərlərindən fərqləndirən əsas cəhət onun Azərbaycanda, ilk dəfə olaraq, müxtəlif interaktiv oyunlarla zəngin olan rəqəmsal versiyada nümayiş etdirilməsi idi. Sərgiyə gələnlər nobellər ailəsi və onların fəaliyyətləri ilə bağlı məlumatları müasir texnologiyalar vasitəsi ilə əldə etmək imkanı qazanmışdı.
Sərginin Azərbaycanda nümayişi çox böyük uğur qazanmışdı. Layihənin növbəti mərhələləri isə bu sərginin Londonda, Avropanın və Skandinaviyanın bir neçə şəhərində keçirilməsidir.
Mədəniyyət və turizm nazirliyindən verilən məlumata əsasən, dünən Londonda "Asia House" sərgi salonunda sərginin açılış mərasimi keçirildi. Açılış mərasimində Azərbaycan Respublikasının Böyük Britaniyada fövqəladə və səlahiyyətli səfiri cənab Fəxrəddin Qurbanov, mədəniyyət və turizm nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynova, "StatoilHydro-Abşeron" neft şirkətinin ictimai əlaqələr şöbəsinin müdiri Baiba Anda Rubesa və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin London nümayəndəliyinin rəhbəri cənab Rüfət Əfəndiyev və həmçinin, Londonun Viktoriya və Albert muzeyinin rəhbərliyi iştirak edirlər.
Dəvət olunanlar sırasında Londonda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri, neft şirkətləri, muzey ictimaiyyəti və digər beynəlxalq təşkilatların nümayəndələri də vardır.
Layihənin təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "StatoilHydro-Abşeron" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir. Layihənin müəllifləri Azadə Hüseynova, Naidə Abbasova və Əminə Məlikovadır.