“Leyli və Məcnun” operasının 100 illiyinə həsr edilmiş tədbir
YUNESKO-nun qərarı ilə keçirilən "Leyli və Məcnun" operasının 100 illiyi həsr edilmiş tədbirlərin növbətisi Daşkənddə keçirilib.
Özbəkistanda Şərqin ilk operasının yubiley mərasimi təntənəli şəkildə keçirilib. Yubiley mərasimində Özbəkistanda fəaliyyət göstərən diplomatik korpusun əməkdaşları, YUNESKO-nun yerli təmsilçiliyinin nümayəndələri də iştirak edib. Sərgi maraqla qarşılanıb. Burada "Leyli və Məcnun" operasının 1916-cı ildə Daşkənddə səhnələşdirilməsi tarixini əks etdirən sənəd, foto və afişaların surətlərindən, rəsm əsəri və reproduksiyalardan ibarət sənədlər yer alıb. Həmçinin, tamaşadan xronikal kadrlar da nümayiş olunub. Ölkəmizin Özbəkistandakı səfiri Namiq Abbasov Üzeyir Hacıbəylinin Azərbaycan və dünya musiqi tarixinə verdiyi əvəzsiz töhfədən danışıb. Qeyd edib ki, bu opera ilə, nəinki ölkəmizin, eləcə də, Şərqin opera tarixinin əsası qoyulub. Özbəkistan Bəstəkarlar İttifaqınin birinci katibi Rüstəm Abdullayev, Özbəkistan və Azərbaycan Respublikalarının xalq artisti Firudin Səfərov və digərləri Üzeyir yaradıcılığının özbək musiqiçiləri üçün də məktəb olduğunu minnətdarlıqla qeyd ediblər. Yubileydə Bakıdan dəvət olunan sənətçilər operadan kiçik parçalar təqdim ediblər. Xatırladaq ki, Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Özbəkistan Mədəniyyət və İdman Nazirliyi, habelə, Daşkənd Dövlət Akademik Böyük Teatrının birgə səyləri ilə təşkil olunub.