PDF Oxu

Mədəniyyət

  • 4

Azərbaycan Folklor Nümunələrinin Hüquqi Qorunması və Milli Reyestrinin Aparılması Strategiyası hazırlanıb

Azərbaycan Folklor Nümunələrinin Hüquqi Qorunması və Milli Reyestrinin Aparılması Strategiyası hazırlanıb
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda Azərbaycan Folklor Nümunələrinin Hüquqi Qorunması və Milli Reyestrinin aparılmasına başlanıldı. AMEA Folklor İnstitutunun mətbuat katibi Hikmət Quliyevin məlumatına əsasən, folklor institutunun direktoru filologiya elmləri doktoru Hüseyn İsmayılovun təşəbbüsü və rəhbərliyi ilə institutun əməkdaşları filologiya elmləri namizədi Seyfəddin Rzasoy və hüquqşünas Səməd Vəkilov tərəfindən Azərbaycan Folklor Nümunələrinin Hüquqi Qorunması və Milli Reyestrinin Aparılması Strategiyası hazırlanmışdır.
Sənəd üçün əsas hüquqi baza Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası, Elm Strategiyası və YUNESKO-nun Konvensiyaları olmuşdur. Bu konsepsiya çərçivəsində "Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərlərinin Elan Olunması" proqramı yaradılıb. Həmçinin, epos söyləyənlərin sənəti bəşəriyyətin ümumi insanlıq irsinin şah əsərlərindən biri elan olunub. Eyni zamanda, bu yaxınlarda (28 sentyabr-2 oktyabr 2009) Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun qeyr-maddi mədəni irsin qorunması üzrə komitəsinin yekun qərarına əsasən Azərbaycan aşıq sənəti və Novruz bayramı qeyri-maddi irsin reprezantativ siyahısına daxil edilib. Hazırda "Azərbaycan xalçaları" adlı obyektlərin həmin siyahıya salınması ilə bağlı iş aparılır.
Xatırladaq ki, 2003-cü il noyabr ayında Azərbaycan muğamı YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsəri elan olunmuşdu. Bu gün Folklor İnstitutunun Elmi Şurasında müzakirəyə çıxarılmış sənəd yekdilliklə qəbul olunmuş və AMEA-nın Rəyasət Heyətinə göndərilmişdir.

Digər xəbərlər