Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 82-ci mövsümə başlayır
Yenidən əsaslı təmir və bərpa olunmuş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 82-ci dəfə mövsümi fəaliyyətə başlayır.
Hər zaman repertuar rəngarəngliyi ilə seçilən Gənc Tamaşaçılar Teatrı yeni mövsümünü noyabrın 12-də uşaq tamaşaları silsiləsi ilə açacaq və noyabrın 17-nə qədər tətil günlərində müxtəlif janrlı tamaşalar oynanılacaq.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından verilən məlumata istinadən, noyabrın 12-də S.Marşakın "Pişiyin evi", N.Gəncəvinin "Xeyir və Şər", S.Rüstəmin "Çimnaz xanım yuxudadır", noyabrın 14-də S.S.Axundovun və A.Şaiqin "Qaraca qız", Ə.B.Haqverdiyevin "Pəri Cadu", noyabrın 15-də A.Şaiqin "Tıq-tıq xanım", P.Xotyanovskinin və İ.Qaruçavanın "36-dan 6-sı", noyabrın 16-da Y.Şvartsın "İfritənin kələyi", noyabrın 17-də Ş.Perronun "Çəkməli pişik", R.Rzanın "Ana qaz" tamaşaları göstəriləcək.
Bir sıra klassik səhnə əsərləri üzərində işləyən yaradıcı heyət teatrsevərləri yeni premyeralarla da sevindirəcək. Beləliklə, artıq noyabr ayının 20-də C.Cabbarlının "Aydın", noyabrın 21-də Ə.B.Haqverdiyevin "Pəri Cadu", noyabrın 22-də H.Cavidin "Şeyx Sənan", noyabrın 28-ə M.F.Axundovun "Hekayəti xırs quldurbasan" və noyabrın 29-da C.Məmmədquluzadənin "Məkkəyə gedən yol" əsərlərinin ilk tamaşaları teatrsevərlərin ixtiyarına veriləcək.
Bununla yanaşı, teatr dekabr ayında özünün 80 illik yubileyini də təntənəli şəkildə qeyd etməyə hazırlaşır.