“Qayalı” kitabının təqdimatı keçirildi
Ədəbi ictimaiyyətin və mədəniyyət işçilərinin iştirakı ilə keçirilən tədbiri yazıçı-dramaturq, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli açaraq, bu gün özünəməxsus oxucu auditoriyası olan Z.D.Qayalının yaradıcılığının bəzi məqamlarını danışdı. O bildirdi ki, 1992-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş şairənin "Haqqı sevdim" adlı ilk kitabı 2001-ci ildə işıq üzü görmüşdür. Sonralar onun "Vəfam mənim", "Güllələnmişlər" kitabları oxucuların ixtiyarına verilmişdir. Həmin kitablarda toplanmış müxtəlif məzmunlu şeirləri birləşdirən mühüm cəhət səmimiyyətdir.
Şairlər Firuzə Məmmədli, Mahirə Abdullayeva, Fərqanə Mehdiyeva, filologiya elmləri namizədi Fəridə Ləman, yazıçı-publisist Salatın Əhmədli, şair Zaməddin Ziyadoğlu, jurnalist Xalid Məmmədov Zərəngiz Dəmirçi Qayalının yaradıcılığı, xüsusən, təqdimatı keçirilən "Qayalı" kitabı barədə fikirlərini bölüşdülər.
Tədbirdə qeyd olundu ki, "Qayalı" şairənin oxucuları ilə yeni görüşüdür. Kitabda müəllif mənsub olduğu xalqın mənəvi dəyərlərinin poetik mənzərəsini verməyə çalışmışdır.
Tədbirdə "Qayalı" adına da aydınlıq gətirilmişdir. Qayalı müəllifin doğulduğu Qazax rayonunun Daş Salahlı kəndində onun özünün də mənsub olduğu tayfanın adıdır. Zərəngiz Dəmirçi "Qayalı" təxəllüsünü təkcə nəslin adı kimi deyil, həm də məcazi mənada qəbul etmişdir. Bu, onun tarixi dəyərləri yaşatmaq, ölməyən adət-ənənələrə tapınmaq, xalqın əsas mənəvi xüsusiyyətlərini qorumaq istəyindən irəli gəlmişdir. "Qayalı" həm də sərtlik, bütövlük, sarsılmazlıq rəmzidir.
Tədbirin sonunda Z.Qayalı tədbirin təşəbbüskarı, Yazıçılar Birliyinin sədri Anara və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
"Qızıl Qələm" mükafatı laureatı Zərəngiz Dəmirçinin "Qayalı" kitabına imzaetmə mərasimi keçirildi.