PDF Oxu

Mədəniyyət

  • 4

“Traviata” operası sənət ulduzlarının ifasında

“Traviata” operası sənət ulduzlarının ifasında
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dünyanın ən məşhur opera və balet sənəti ulduzlarının iştirakı ilə tamaşalar təşkil etmək istiqamətində fəaliyyətini davam etdirir. Bu iş teatrın yaradıcı fəaliyyətinin prioritet istiqamətlərindən biri olub, tamaşaların professional səviyyəsi və keyfiyyətlərinin yüksəlməsinə effektiv təsir göstərir, tamaşaçı auditoriyasının genişlənməsinə səbəb olur və eyni zamanda, teatrın gənc solistləri və ali musiqi məktəblərində təhsil alan bir çox tələbələr üçün bir növ ustad dərsləri almaq kimi önəmli rol oynayır.
Qeyd etmək lazımdır ki, Bakıda qastrol səfərində olan və teatrın tamaşalarında iştirak edən ulduzlar öz vətənlərinə qayıdarkən, yerli KİV-də Azərbaycan və Bakı, ölkəmizin milli mədəniyyəti, Opera və Balet Teatrı, teatrın tamaşaçıları haqqında yüksək fikirlər söyləyirlər.
Bütün bunlar, heç şübhəsiz, milli mədəniyyətimizin və ilk növbədə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının fəaliyyətinin xaricdə geniş təbliğinə xidmət edir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bu sıradan növbəti tamaşa - C.Verdinin "Traviata" operası noyabrın 28-də baş tutacaq. Teatrın rəhbərliyi tamaşanı idarə etmək üçün Avropada çox məşhur və populyar dirijorlardan biri, Münhen Opera Sənəti Festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofku dəvət etmişdir. Xanım Korneliya İtaliya, Avstriya, Almaniya, Finlandiya, ABŞ və Latın Amerikasının ən qabaqcıl opera teatrlarının səhnələrində böyük uğurla çıxış edir. O, xeyli zamandır ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq edir və Azərbaycanın sadiq dostlarından biridir. K.Kerssenbrofkun dəvəti ilə dörd il ardıcıl olaraq Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestri, teatrın bir sıra aparıcı solistləri Münhen Opera Sənəti Festivalında iştirak etmişlər. Məhz onun təşəbbüsü ilə festival çərçivəsində keçirilən konsertlərdə hər zaman Azərbaycan musiqisi - görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Polad Bülbüloğlunun əsərləri səslənir. Bütün əsərlərə isə K.Kerssenbrofk dirijorluq edir.
"Traviata" operasının tamaşasında, həmçinin, Ukrayna Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın əməkdar artisti, Vokalçıların Beynəlxalq Müsabiqələrinin laureatı Olqa Fomiçova iştirak edəcək. Bu tamaşada ifa edəcəyi Violetta partiyası O.Fomiçovanın repertuarında ən parlaq obrazlardan biridir. Zalsburq Opera Sənəti Festivalında, o, bu rolun ən yaxşı ifaçısı üçün təsis edimiş prizə layiq görülmüşdür.
Azərbaycan isə bu tamaşada Opera və Balet Teatrının ən istedadlı solistləri - xalq artisti Azər Zeynalov (Alfred), əməkdar artistlər Əvəz Abdullayev (Jermen), Əli Əsgərov (Markiz) və Əkrəm Poladov (Doktor) təmsil edəcəklər.
Əsil sənət ulduzlarının iştirakı ilə baş tutacaq "Traviata" operasında tamaşası, heç şübhəsiz ki, yüksək akademik sənəti sevənlər arasında geniş tamaşaçı auditoriyası toplayacaq, səhərin və teatrın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək.

Digər xəbərlər