“Şərq filologiyası məsələləri”
AMEA Şərqşünaslıq İnstitutunun "Şərq filologiyası məsələləri" toplusunun 4-cü buraxılışı çapdan çıxıb.
Topluda ərəb, İran və türk filologiyasının aktual məsələlərinə dair məqalələr öz əksini tapıb. Ərəb filologiyası bölməsində ədəbiyyat sahəsində "Mağara" simvolizminin dini-mifoloji çalarlarından (Aida Qasımova), cahiliyyət şeirinin fəlsəfi istiqamətlərindən (Ruhəngiz Cümşüdlü), tarixi hadisə və şəxsiyyətlərin "Min bir gecə" nağıllarında inikası səviyyəsindən (Lalə Bayramova), ərəb folklor nümunələrində Əbu-Nəvvas hazırcavablığından (Səbinə Səlimova), linqvistika sahəsində ərəbşünaslıqda köməkçi nitq hissələrinin öyrənilməsi məsələlərindən (Solmaz Hüseynova), keçmiş zaman fellərinin Qurani-Kərimdə işlənmə üslubundan (Nəsrulla Məmmədov) və s. bəhs edən məqalələr dərc olunub.
İran filologiyası bölməsində ədəbiyyatla bağlı Nizaminin meracnamələrindən (Gülnarə Fətiyeva), Hafiz və Nəsimi şeirlərində "Can" və "Cahan" anlayışlarının poetik-irfani dəyərlərindən (Səadət Şıxıyeva), İslam inqilabı ərəfəsində İran hekayəsindən (Nüşabə Əlizadə), "Təzkürətül-övliya" əsərinin konseptual məqamlarından (Aygün Əlizadə) və s. söz açılır, Cami və Füzulinin "Hədisi ərbəin" əsərlərinin müqayisəsi aparılır (Ataəmi Mirzəyev). Dilçiliklə bağlı mövzulardan müasir fars dili samit fonemlərinin distribusiyası (Əsmətxanım Məmmədova), Füzulinin farsca divanında köməkçi nitq hissələrinin üslubi xüsusiyyətləri (Şəfəq Əlibəyli) və digər məsələlərə dair məqalələri qeyd etmək olar.
Türk filologiyası bölməsində türk aşıq ədəbiyyatının inkişaf tarixindən (Xalidə Quliyeva-Qafqazlı), satiranın nəzəri məsələlərindən (Aydın Abi Aydın), yeni türk hekayəçiliyinin formalaşmasından (Sədaqət Qasımlı), türkcədən Azərbaycan dilinə tərcümənin leksik-semantik problemlərindən (Əsgər Rəsulov), Nazim Hikmətin dramaturgiyası və şərq folklor qaynaqlarından (Rəşid Quliyev) bəhs edən və başqa maraqlı məqalələri oxumaq olar.