Abidənin görkəminə xələl gətirən qaz borusu sökülüb
Azərbaycan Prezidenti İlham Əliyevin fərman və sərəncamlarına əsasən, son illər İçərişəhər ərazisindəki tarix-memarlıq abidələrinin qorunmasına və bərpasına dövlət qayğısı güclənmiş, onların toxunulmazlığı və xarici mühitin mənfi təsirlərindən mühafizəsi (konservasiyası) üçün vahid siyasət həyata keçirilməsinə başlanmışdır.
Bakının rəmzi olan Qız Qalasının konservasiyasına hazırlıq 2008-ci ildən görülür. Əvvəlcədən xarici mütəxəssislər tərəfindən abidənin vəziyyətinin diaqnostikası və ölçmə-tədqiqat işləri aparılmış və əldə olunmuş nəticələrə əsasən, bərpa metodikası, istifadə olunacaq texnologiya və materiallar müəyyənləşdirilmişdir. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən görülmüş işlər nəticəsində abidənin görkəminə xələl gətirən qaz borusu sökülmüşdür.
Konservasiya işləri zamanı xüsusi diqqət abidənin yağış sularından qorunmasına və struktur dayanıqlığının təmin olunmasına yönəldiləcək. Bərpa və konservasiya işlərini dünyanın ən məşhur tarixi abidələrinin bərpası ilə məşğul olmuş şirkətlər - Almaniyanın "Remmers" şirkəti və Avstriyanın "Pumer" emalatxanası həyata keçirəcəklər.
Abidənin nadirliyi və təkrarolunmazlığı nəzərə alınaraq, tammiqyaslı işlərə başlanmazdan əvvəl Qız Qalasının bərpadan sonrakı görünüşü barədə təsəvvür yaratmaq məqsədi ilə cari ilin noyabrında onun cənub-qərb tərəfindəki sınaq sahəsində konservasiya işləri aparılacaqdır.
Qoruq İdarəsi bu işləri yüksək səviyyədə, beynəlxalq təcrübədən faydalanaraq və müasir texnologiyalardan istifadə etməklə həyata keçirmək niyyətindədir. Konservasiya və bərpa işlərinin noyabrın sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur. Qız Qalasının xarici görünüşünün və xüsusilə, rəng çalarlarının son variantı səlahiyyətli ekspert komissiyası və ictimaiyyətin rəyi nəzərə alınmaqla müəyyənləşdiriləcək.