“İstedad sorağında” ümumrespublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında keçirilən "İstedad sorağında" adlı ümumrespublika müsabiqəsinin qalibləri mükafatlandırılmışlar. Qəbələ rayon rəsm qalereyasında müsabiqənin təsviri sənət üzrə nominasiyasının qaliblərinə Mədəniyyət və Turizm Nazirliyinin diplom və hədiyyələri təqdim olunmuş, onların rəsm əsərlərinin sərgisi təşkil edilmişdir.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Elnur Hüseynov, rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova çıxış edərək, ölkədə istedadlı uşaqların aşkarlanması, onların potensial imkanlarının, bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə görülən işlərdən, əldə edilən nəticələrdən danışmışlar. Natiqlər respublikada xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının uğurla icra edildiyini və "Uşaq ili" çərçivəsində müxtəlif tədbirlərin təşkil olunduğunu vurğulamışlar.
Bildirilmişdir ki, "İstedad sorağında" adlı ümumrespublika müsabiqəsində iştirak edənlər musiqi, təsviri sənət və bədii qiraət nomanisiyaları üzrə mükafatlandırılmışlar. Oktyabrın 29-da bədii qiraət müsabiqəsinin qalibləri Şamaxıda, musiqi müsabiqəsinin qaliblərinə isə Bərdədə hədiyyələr təqdim olunmuşdur.
Çıxışlardan sonra təsviri sənət üzrə müsabiqədə fərqlənənlərə Mədəniyyət və Turizm Nazirliyinin diplom və hədiyyələri verilmişdir.
Qəbələ rayon rəsm qalereyasında 14 şəhər və rayonu təmsil edən uşaq və yeniyetmələrin rəsm əsərlərindən ibarət sərgi maraqla qarşılanmışdır. 200-ə yaxın tamaşaçı müxtəlif mövzularda çəkilmiş 50-yə yaxın təsviri sənət əsərinə baxmış və onların əl işinə yüksək qiymət vermişdir.