“Sevilya bərbəri” operası oynanıldı
Uzunmüddətli fasilədən sonra bakılılar yenidən "Sevilya bərbəri" operasına tamaşa etdilər. Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində böyük İtaliya bəstəkarı Rossinin təxminən iki əsr əvvəl yaratdığı və tez bir zamanda dünyanı fəth edən bu gözəl əsəri tamaşaçılara təqdim edildi.
Dünya opera sənətinin incilərindən sayılan "Sevilya bərbəri" operasının hər bir teatrın repertuarında özünəməxsus yeri vardır. Əvvəllər bu opera Bakıda da səhnəyə qoyulmuş və operasevərlər həmin tamaşaya böyük maraqla baxmışlar. Lakin həmin illər operada rolları kənardan gələn artistlər ifa edirdilər. Repertuarını təzələmək və zənginləşdirmək qayğısına qalan Azərbaycan Dövlət Opera və Balet Teatrı bütünlüklə özünün şəxsi yaradıcı işçilərinin istedadından, bacarığından və ustalığından istifadə etmək qərarına gəlmişdir.
Yeni opera tamaşasının musiqi rəhbəri və dirijoru Azərbaycanın əməkdar incəsənət xadimi Azad Əliyev, rejissoru əməkdar artist, professor Hüseyn Əliyev, səhnə tərtibatçısı Azərbaycanın əməkdar rəssamı Tahir Tahirovdur.
"Sevilya bərbəri" operasının baş rolları gənc və artıq tanınmış solistləri ifa edirdilər. Rozina rolunu İnarə Babayeva, qraf Almavivi Həsən Enami, don Bazilyonu Əli Əsgərov, həkim Bartolonu Əkrəm Poladov, Fiqaro rolunu isə Əvəz Abdullayev ifa edirdilər. Bu ifaçıların hər biri Azərbaycanın əməkdar artistləridir və müxtəlif müsabiqələrdə uğurla iştirak ediblər. Belə ki, Əli Əsgərov vokalçıların Bülbül adına birinci beynəlxalq müsabiqəsinin Qran-pri mükafatına layiq görülmüşdür. Həsən Enami həmin müsabiqənin laureatıdır. Əkrəm Poladov İtaliyada vokalçıların müsabiqəsində uğurla iştirak edib.
Paytaxt tamaşaçıları Azərbaycan Dövlət Opera və Balet Teatrında maraqlı bir gün yaşadı.