Bakı Beynəlxalq Caz Festivalına yekun vuruldu
"Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ili çərçivəsində keçirilən Bakı Beynəlxalq Caz Festivalına Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yekun vuruldu.
Yekun konsertində ABŞ-ın "Branford MARSALIS" caz qrupunun ifası dinlənilib. Xatırladaq ki, festival çərçivəsində paytaxtımızın sakinləri və qonaqları Azərbaycan, ABŞ, Avstriya, İsrail, Portuqaliya, Hindistanın və digər ölkələrin tanınmış caz qruplarının konsert proqramlarını dinləyiblər. Bakı Caz Mərkəzində, Aktyor Evində, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında, Beynəlxalq Muğam Mərkəzində təşkil edilmiş bir-birindən maraqlı konsertlərdə məşhur "Savab", "Richard BONA", "Branford MARSALIS", "Jazzinho", "Hard Jazz Knights" və digər caz qruplarının ifaları musiqisevərlər üçün əsil hədiyyə olmuşdur. Bu konsert proqramlarında cazsevərlərə Şərq və Qərb ənənələrini təcəssüm etdirən musiqi nömrələri təqdim edilmişdir.
Gecədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.