Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 100 illik yubileyi münasibəti ilə yeni layihələrə start verib
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının 100 illik yubileyi münasibəti ilə nəzərdə tutulan layihələrə start verilib. Teatrın mətbuat xidmətindən verilən məlumata istinadən, ilk tədbirlər sırasında "Afaq üç gün sizinlə" layihəsi daha çox marağa səbəb olacaq. Noyabrın 6-sı, 7-si və 8-də gülüş ustası, Azərbaycanın xalq artisti Afaq Bəşirqızı ilə görüşlər keçiriləcək. Həmin günlər Cavanşir Quliyev və Əli Əmirlinin "Yeddi məhbusə anası", Faiq Sücəddinov və Tamara Vəliyevanın "Mən dəyərəm min cavana", Sərdar Fərəcov və Əziz Nesinin "Şəhərdə manyak var" tamaşaları göstəriləcək. Tamaşalarda, eyni zamanda, xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Valeh Kərimov, əməkdar artistlər Xanım Qafarova, Elçin Həmidov, Əkbər Əlizadə və başqa aktyorlar iştirak edəcəklər.
Bundan əlavə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi 137-ci mövsümündə tamaşaçıları maraqlı layihələrlə sevindirəcək. Layihə çərçivəsində kollektiv məşhur "detektiv kraliçası" Aqata Kristinin "Tələ" əsərinin məşqlərinə başlayıb. Əsərdə hadisələr Şotlandiyanın ucqar dağ pansionatında cərəyan edir. Burada bir-birinin ardınca müəmmalı qətillər baş verir. Qarlı havaya görə ətrafla bütün əlaqələr kəsilmiş, yollar bağlanmışdır. Deməli, qatil pansionatda istirahət edənlərdən biridir.
Müəllif özünəməxsus üslubda tamaşaçıların qarşısında açılması müşkül olan düyünlü vəziyyətlər yaradır, ancaq həmişə olduğu kimi, əsər hamı üçün gözlənilməz sonluqla başa çatır.
Noyabrda tamaşaçıların diqqətinə təqdim olunacaq tamaşada baş rollarda xalq artistləri Zərnigar Ağakişiyeva, Ramiz Məlik, Rafiq Əzimov, əməkdar artistlər Sənubər İsgəndərova, Elxan Quliyev, Abbas Qəhrəmanov, həmçinin, Vəfa Rzayeva, Mətləb Abdullayev və başqaları çıxış edəcəklər.
Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.