“Salam, əziz düşmən” adlı Beynəlxalq Kitab Sərgisi açılıb
Almaniyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Şəki şəhərində "Sənətkarlar evi"ndə Münhen Beynəlxalq Gənclər Kitabxanası "Salam, əziz düşmən" adlı Beynəlxalq Kitab Sərgisi açılıb
Bu münasibətlə keçirilən mərasimdə şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova son illər Şəki şəhəri ilə Almaniyanın ölkəmizdəki səfirliyi arasında elm, təhsil və mədəniyyət sahəsində geniş əlaqələrin yaradıldığını bildirərək, ötən dövr ərzində respublikanın şəhər və rayonlarında, eləcə də, Şəki şəhərində bir-sıra tədbirlərin, o cümlədən, sərgilərin, konsertlərin təşkil olunduğunu nəzərə çarpdırıb. O, qeyd etmişdir ki, sərgidə dini tolerantlığa, müxtəlif dini baxış və dini dünyagörüşə aid olan illüstrasiyalı uşaq kitabları nümayiş etdirilir. Tolerantlıq xalqların və mədəniyyətlərin dinc birgəyaşayışının ilkin şərtlərindən biridir. Sərginin əsas məqsədi uşaqlarda kiçik yaşlarından müxtəlif dinlərə hörmət hissi aşılamaq, onların dünyagörüşünün daha da zənginləşdirilməsinə nail olmaqdır.
Almaniyanın ölkəmizdəki səfirinin müşaviri xanım Kristel Krause bildirmişdir ki, Münhen Beynəlxalq Gənclər Kitabxanası 1949-cu ildə yaradılmışdır. Uşaq və gənclər üçün ədəbiyyat sahəsində dünyanın ən böyük kitabxanalarından biri hesab olunur. Kitabxananın fondunda 130 xarici dildə 530 min nüsxədən artıq kitab saxlanılır. Kitabxananın təşkil etdiyi bu sərgidə sülh və tolerantlıq mövzusuna aid 120 kitab nümayiş etdirilir. Səfirliyin təmsilçisi bildirmişdir ki, "Salam, əziz düşmən" sərgisi Münhen Kitabxanasının ən uğurlu səyyar sərgilərindən hesab olunur. İndiyədək bu sərgi dünyanın 100-dən artıq ölkəsində nümayiş etdirilmişdir. Uşaq və gənclərə aid kitablarla insanlar, ölkələr, mədəniyyətlər arasında körpü salmaq- bu ideya sərginin əsas qayəsini təşkil edir.
Qeyd edim ki, kitab sərgisi 10 gün davam edəcək.