Bakı Beynəlxalq Caz Festivalına start verildi
Həftə çərçivəsində paytaxtımızın sakinləri və qonaqları Azərbaycan, ABŞ, Avstriya, İsrail, Portuqaliya, Hindistanın və digər ölkələrin tanınmış caz qruplarının geniş konsert proqramları ilə yanaşı, cazsevərlər Şərq və Qərb ənənələrini təcəssüm etdirən musiqi nömrələrini də dinləyəcəklər
"Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ili çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı Beynəlxalq Caz Festivalının təntənəli açılış mərasimi keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycanda caz musiqisinin təbliği, inkişafı baxımından bir çox işlər görülmüşdür. Dünyanın ən tanınmış cazmenləri Bakıda konsert proqramları ilə çıxış etdilər. Bu gün də paytaxtımız ənənəsinə sadiq qalaraq, belə möhtəşəm bir tədbirə ev sahibliyi edir.
Tədbirdə qeyd edildi ki, həftə çərçivəsində paytaxtımızın sakinləri və qonaqları Azərbaycan, ABŞ, Avstriya, İsrail, Portuqaliya, Hindistanın və digər ölkələrin tanınmış caz qruplarının geniş konsert proqramlarını dinləyəcəklər. Bakı Caz Mərkəzində, Aktyor Evində, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında, Beynəlxalq Muğam Mərkəzində təşkil ediləcək, bir-birindən maraqlı konsertlərdə, məşhur "Savab", "Richard BONA", "Branford MARSALIS", "Jazzinho", "Hard Jazz Knights" və digər caz qruplarının ifaları musiqisevərlər üçün əsil hədiyyə olacaq. Əbülfəs Qarayev onu da bildirdi ki, cazsevərlərə Şərq və Qərb ənənələrini təcəssüm etdirən musiqi nömrələri də təqdim olunacaq.
Gecədə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarların əsərlərindən parçalar səsləndirilmişdir. Orkestri əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Kərimov idarə edib.
Bakı Beynəlxalq Caz Festivalına okytabrın 27-də Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində ABŞ-ın "Branford MARSALIS" qrupunun ifası ilə yekun vurulacaq.