PDF Oxu

Mədəniyyət

  • 6

III Respublika Yaradıcılıq Festival-Müsabiqəsinə yekun vurulub

III Respublika Yaradıcılıq Festival-Müsabiqəsinə yekun vurulub
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən qaçqın və məcburi köçkün yeniyetmə və gənclərin III Respublika Yaradıcılıq Festival-Müsabiqəsinə yekun vuruldu.
Tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov belə tədbirlərin keçirilməsinin olduqca vacibliyi və əhəmiyyətliliyini vurğuladı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən danışan Ə.Həsənov Prezident İlham Əliyevin bu problemi həll etmək istiqamətində gərgin fəaliyyət göstərdiyini, işğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad olunması naminə beynəlxalq miqyasda apardığı məqsədyönlü siyasəti tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Ə.Həsənov qeyd etdi ki, festival-müsabiqədə çıxış edən gənclərin əksəriyyəti öz doğma yurdunu görməmiş insanlardır. Lakin gün gələcək onlar öz istedadlarını doğma Qarabağ torpağında nümayiş etdirəcəklər.
Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nın (2005-2009-cu illər) icrasını təmin etmək istiqamətində görülən işlər barədə məlumat verdi. 2006-cı ildən başlayaraq, keçirilən qaçqın və məcburi köçkün yeniyetmə və gənclərin Respublika Yaradıcılıq Festival-Müsabiqəsi, məhz bu proqram çərçivəsində təşkil edilir. Məqsəd qaçqın və məcburi köçkün həyatı yaşayan gənclərimizin yaradıcılıq potensialını aşkar etmək, onların gələcək inkişafına lazımi şərait yaratmaqdır.
O bildirdi ki, gələcəkdə də bu səpgidə işlər davam etdiriləcək. Qeyd edim ki, müsabiqənin yekun mərhələsi 2010-cu ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçiriləcək.
Tədbirdə çıxış edən festival-müsabiqənin münsiflər heyətinin üzvü Azərbaycanın xalq artisti Mənsum İbrahimov son illər musiqimizin, mədəniyyətimizn təbliği istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən söz açdı.
Mənsum İbrahimov bildirdi ki, festivalda qalib adını qazanan istedadlı gənclər yaxın gələcəkdə ölkəmizi beynəlxalq tədbirlərdə layiqincə təmsil edəcəklər.
Sonra rəsm, musiqi və bədii qiraət nominasiyaları üzrə keçirilən festival-müsabiqənin qaliblərinə birinci, ikinci və üçüncü dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olundu.
Onu da qeyd edim ki, teatrın foyesində müsabiqə iştirakçılarının rəsm əsərlərindən ibarət sərgi açılmışdı.
Tədbir festival qaliblərinin geniş konsert proqramı ilə davam etdirildi.

Digər xəbərlər