İordaniyada Haşimilər Krallığının Mədəniyyət Günlərinin açılış mərasimi keçirildi
Dünən Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2009-cu ilin yarımilliyi üçün iş planına və "Bakı- İslam Mədəniyyətinin Paytaxtı- 2009" tədbirlər planına uyğun olaraq Azərbaycanda İordaniya Haşimilər Krallığının Mədəniyyət Günlərinin açılış mərasimi keçirildi.
Mədəniyyət günlərinin rəsmi açılışını mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev edərək, belə bir möhtəşəm tədbirin baş tutmasını ölkələr arasında mövcud qarşılıqlı əlaqə ilə dəyərləndirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya ölkələri ilə dostluq, qardaşlıq münasibətləri möhkəmlənmiş və mədəniyyət günlərinin keçirilməsinə geniş imkanlar açılmışdır.
Ədalət Vəliyev son günlərin Azərbaycan mədəniyyət aləmində yaddaqalan hadisələrlə zəngin olduğunu bildirərək, toplantıların, eləcə də, bir çox xalqların mədəniyyət günlərinin keçirilməsini bir fakt olaraq diqqət önünə çəkdi. Türk xalqlarının arasında mədəni-mənəvi əlaqələrin yaranması və genişlənməsi ölkələrin bir-birinə yaxınlaşmasına, inteqrasiya etməsinə, birmənalı olaraq, təsirini göstərməkdədir. Ədalət Vəliyev "Bakı İslam Mədəniyyəti Paytaxtı" elan olunduqdan sonra möhtəşəm tədbirlərin paytaxtımızda keçirilməsinin əhəmiyyətinə də toxundu. Eyni zamanda, Azərbaycanın dünyanın müxtəlif ölkələrində mədəniyyət günlərinin təşkili də bu qarşılıqlı münasibətlərin təzahürü kimi qeyd olunur. İl ərzində respublikamızda keçirilən konfranslar, simpoziumlar islam dünyası ölkələrinin mədəniyyət günləri və bu sıradan olan müxtəlif tədbirlər məhz "Bakı İslam Mədəniyyəti Paytaxtı" layihəsi çərçivəsində reallaşır.
Nazir müavini ölkəmizə səfər edən İordaniya Haşimilər Krallığının nümayəndələrinin geniş səpkidə mədəniyyət irsinin təqdim edilməsi üçün paytaxtımızda lazımi tədbirlər görüldüyünü və onlara şərait yaradıldığını bildirdi.
Muzey Mərkəzinin dairəvi zalında təşkil olunmuş İordaniya mədəniyyət həftəsində, ilk olaraq, qonaqlar dekorativ tətbiqi, təsviri incəsənət fotosərgisi milli geyimlərini nümayiş etdirməklə yanaşı, rəqs qruplarının ifasında İordaniya milli musiqiləri təqdim edildi. Sərgidə iordaniyalı rəssamların 49 əsəri və 30 foto işi iştirakçıların ixtiyarında idi. Müxtəlif ölçüdə və məzmunda olan foto nümunələrində İordaniya xalqının tarixi, məişəti, mədəniyyət abidələri, tanınmış simaları öz əksini tapmışdır. Sərgi iştirakçılara təqdim olunduqdan sonra muzey mərkəzində İordaniya kinoşirkətinin istehsalı olan filmlər də nümayiş etdirildi. Belə ki, qısametrajlı "İordaniya möcüzəsi" və "Mənim cihadım" adlı filmlər iştirakçıların ixtiyarına verildi.
Qeyd edim ki, mədəniyyət həftəsi çərçivəsində tamaşaçılara bu ölkənin milli geyimləri təqdim olunmaqla yanaşı, "Ət-Tafilə dağları" mahnı-rəqs qrupunun əsrarəngiz çıxışı ilə şəhər sakinləri tanış olacaqlar. Eyni zamanda, mədəniyyət həftəsi boyunca ziyarətçilər İordaniyanın adət-ənənəsini, milli xüsusiyyətlərini özündə əxz etdirən, ekspozisiyaları gəzməklə bərabər, "Yenidən dirilmə", "Mənim şəhərim", "Ehtiyatlı, ol, qarşında şərh var", "Mən Qəzzayam", "Rahatlıq" filmləri də təqdim olunacaq.