PDF Oxu

Mədəniyyət

  • 12

ƏRTOĞROL CAVİD - 90

ƏRTOĞROL CAVİD - 90
Hüseyn Cavidin Ev-Muzeyində 12 oktyabr tarixindən etibarən bəstəkar, folklorşünas, rəssam Ərtoğrol Cavid Hüseyn Cavid oğlunun 90 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilməkdədir.
Oktyabrın 22-nədək 10 gün ərzində davam edəcək tədbirlər çərçivəsində muzeydə Ə.Cavidin həyat və yaradıcılığına həsr olunmuş sərgi nümayiş olunacaq və onun bəstələdiyi musiqilər səsləndiriləcək. Gələn qonaqlara "Cavid ömrü" filmi nümayiş olunacaq.
Hüseyn Cavidin Ev-Muzeyindən qəzetimizə verilən məlumata istinadən, muzeyin əməkdaşları İtaliyada (Milan) "La Scala" muzeyində Ə.Cavidə həsr olunmuş tədbir keçirib və mərasimdə onun həyat və yaradıcılığı haqqında məlumat verilib. Tədbir zamanı Ə.Cavidin bəstələdiyi musiqilər səsləndirildi. Mərasimdə H.Cavidin Ev-Muzeyi tərəfindən hazırlanmış Ə.Cavidin musiqilərindən ibarət CD və DVD-lər, not albomları "La Scala" muzeyinə hədiyyə edilib.
14 oktyabrda bəstəkar, folklorşünas, rəssam Ərtoğrol Cavidin vafat etdiyi gün ilə əlaqədar muzeydə xatirə günü keçirilib. Tədbirdə cavidşünaslar, cavidsevərlər, bəstəkar və musiqiçilər, şagird və tələbələr iştirak ediblər. Tədbir zamanı Hüseyn Cavidin Ev- Muzeyinin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanlı Ə.Cavidin həyat və yaradıcılığı, onun ədəbiyyat sahəsindəki fəaliyyəti haqqında, muzeyin elmi katibi Fəridə Quliyeva Ərtoğrol Cavidin musiqi və rəsm əsərləri haqqında, muzeyin elmi işçisi Cəmilə Rzayeva Ə.Cavidin muzeydə mühafizə olunan musiqi əsərləri haqqında məruzə edib.
Mərasimdə musiqi məktəbinin şagirdləri Ə.Cavidin bəstələdiyi əsərləri ifa ediblər.
Qeyd edim ki, hazırda H.Cavidin Ev-Muzeyində Ə.Cavidin 90 illik yubileyi ilə əlaqədar "Ə.Cavid haqqında məqalələr toplusu" hazırlanır. Topluda tədqiqatçıların, mütəxəssislərin yazdığı Ə.Cavidin həyat və yaradıcılığından bəhs edən məqalələri, onun yaradıcılığına aid məlumatlar bir yerə toplanıb nəşr ediləcək.
Muzeydə AZtv tərəfindən Ə.Cavidin həyat və yaradıcılığına həsr olunmuş verilişin (rejissor Ramiz Həsənoğlu) çəkilişi aparılıb. Verilişdə AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru R.Hüseynov repressiyaya məruz qalmış cavidlər ailəsi haqqında xüsusi istedada malik olan Ə.Cavidin şəxsiyyəti haqqında söhbət edilib. Muzeyin direktoru, filologiya elmləri namizədi G.Babaxanlı muzeydə qorunan Ə.Cavidin həyat və yaradıcılığını əhatə edən qiymətli eksponatlar haqqında məlumat verilib, muzeyin onun yaradıcılığının təbliği sahəsində gördüyü işlərdən danışılıb. Elmi katib F.Quliyeva Ə.Cavidin rəsm əsərlərinin özünəməxsus xüsusiyyətləri haqqında fikirlərini söyləyib.
22 oktyabrda Ə.Cavidin anadan olduğu gün ilə əlaqədar yekun tədbiri keçiriləcək.
Oktyabr ayı Cavidlər üçün çox əlamətdardır. Çünki şair özü 1882-ci ilin 24 oktyabrında, oğlu Ərtoğrol 1919-cu ilin 22 oktyabrında, qızı Turan 1923-cü ilin 2 oktyabrında anadan olub. Bununla yanaşı, 1982-ci ilin 26 oktyabrında Hüseyn Cavidin nəşinin Sibirdən Vətənə gətirilməsi, 1996-cı ilin 29 oktyabrında Naxçıvanda Hüseyn Cavid məqbərəsinin açılışı günləridir. AMEA Hüseyn Cavidin Ev-Muzeyində ənənəvi olaraq oktyabr ayı "Cavidlər ayı" kimi qeyd edildiyi üçün 24-31 oktyabr tarixində muzeydə dahi Azərbaycan filosofu, dramaturqu, şairi və maarifçisi Hüseyn Cavidə həsr olunmuş tədbirlər keçiriləcək.
Oktyabr ayının 31-dən noyabr ayının 8-nə kimi İstanbulda keçiriləcək 28-ci Beynəlxalq Kitab Sərgisində Hüseyn Cavidin Ev-Muzeyinin əməkdaşları tərəfindən H.Cavidin və Ə.Cavidin əsərlərinin təqdimat mərasimi keçiriləcək və iştirakçılara həmən əsərlər hədiyyə olunacaq.

Digər xəbərlər