PDF Oxu

Mədəniyyət

  • 14

Azərbaycan tar məktəbinin virtioz sənətkarı

Azərbaycan tar məktəbinin virtioz sənətkarı
Azərbaycan musiqi sənəti tarixində, ifaçılıq sənətinin inkişafında xidməti olan mərhum tarzən Qurban Pirimovun doğum günüdür. Azərbaycan musiqi sənətində yaradıcılıq irsi və novatorçuluq meyilləri ilə seçilən Qurban Pirimovun XX əsr tar məktəbinin görkəmli simalarından biri kimi Azərbaycan musiqi sənətinin inkişafında həm solo ifaçısı, həm də müşayiətçi kimi özünəməxsus yeri olmuşdur. Belə ki, bir çox gənclərin bu sahədə öz yolunu tapmasında və tar məktəbinin məxsusi cəhətlərinin mənimsənilməsində Qurban Pirimovun yeri xüsusidir. Qurban Pirimov uzun illər Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyasında) dərs demişdir. Qurban Pirimov həm konservatoriyanın, həm də Azərbaycan Dövlət Filarmoniyasının yaranmasında xüsusi rol oynamış, klassik muğam musiqimizin müdafiə edilməsində və Azərbaycanın Milli aləti olan tarın yad elementlərdən uzaq yaşamasında daim çalışmış və istədiyinə kifayət qədər nail ola bilmişdir. İncə qəlbli, incə ruhlu bir insan olan Qurban Pirimovun musiqi əsərlərinin belə orijinal bir şəkildə səslənməsinə səbəb məhz onun daxili keyfiyyətləri ilə əlaqədardır. 70 il sazı ilə Azərbaycan tar sənətinə xidmət edən böyük sənətkar elə kiçik yaşlarından diqqəti cəlb etmiş və o dövrün məşhur xanəndələri sırasında olan Cabbar Qaryağdıoğlunu müşayiət etmişdir. Belə bir sənətkarı müşayiət etmək və onunla daim təmasda olmaq, təbii ki, Qurban Pirimovun muğam sənətinə daha dərindən bələd olmasına səbəbdir. Onların belə iki nəhəng sənətkarın yaratdığı üçlük nəinki Azərbaycanda, eləcə də, bütün Qafqazda çox məşhur olmuşdur. Onların ifasında səsləndirilən "Heyratı", "Dəşti", "Kürdü-Şahnaz", "Cahargah" kimi muğamları qrammofon vallarına yazılmış və bu gün də Azərbaycan musiqisevərlərinin ixtiyarındadır. Qurban Pirimovun Üzeyir Hacıbəyovla olan dostluq münasibətləri və bu münasibətlərin Azərbaycan musiqi sənətinə bəxş etdiyi töhfələr qürurlandırıcıdır. Belə ki, Üzeyir Hacıbəyovun yaratdığı "Leyli və Məcnun" operasında, ilk dəfə olaraq, Qurban Pirimov solist tarzən kimi çıxış etmişdir. Onun yaradıcılığı opera sənəti ilə sıx təmasda olmuşdur. O, 40 ilə yaxın bu teatrla təmasda olmuşdur. Qurban Pirimov orkestrdə təkcə solist kimi çalışmamış, eyni zamanda, opera əsərlərinin təkmilləşdirilməsində bəstəkarlara, dirijorlara faydalı məsləhətlərini vermişdir. Bir çox opera əsərlərinin yaranmasında Qurban Pirimovun rolu müstəsnadır. Opera teatrının zənginləşməsi və yeni əsərlərin oynanılması Qurban Pirimovun məhz sənətə olan diqqət meyarının göstəricisidir. Bəstəkar Müslüm Maqomayevin "Şah İsmayıl" və Qliyerin "Şahsənəm" operasının meydana gəlməsi, məhz Qurban Pirimovun adı ilə bağlıdır. Belə ki, Şərq və Azərbaycan muğamlarının gözəl bilicisi olan Qurban Pirimov ifaçılıq məharəti ilə tarçalma sənəti və ənənələrini inkişaf etdirib, onu zənginləşdirmişdir. Dərin, həssas qəlbə malik olan sənətkar muğamları özünəməxsus üslubla orijinal tərzdə ifa etmişdir. Onun ifa zamanı vurduğu xallar milli musiqimizə əlvanlıq, çalarlıq bəxş etməklə yanaşı, onun ənənələrinin yaşanmasında xüsusi rolu olmuşdur. Seyid Şuşinski, Zülfi Adıgözəlov, Mütəllim Mütəllimov, Xan Şuşinski, Əbülfət Əliyev və başqalarını müşayiət edən sənətkar Azərbaycan musiqisinin atası kimi adlandırılmışdır. Bu adın ona verilməsi heç də təsadüfi deyildi. Deyilənə görə, o, bütün görkəmli xanəndələri müşayiət etmiş və o dövrün xanəndələri Qurban Pirimovla oxumağı arzulamışlar. Ömrünün sonuna qədər tarla bağlı olmuş və zərif, nikbin çalğısı insanların qəlbini riqqətə gətirmişdir. Sənətdə, həyatda təvazökar, qayğıkeş olan Qurban Pirimov ömrünün 85 yaşında səhnəyə çıxanda dinləyicini vurduğu xallar, rənglərlə qidalandıraraq, ona yaşamaq eşqini bəxş etmişdir. Əlbəttə ki, belə bir yaşda səhnədə çalmaq və tar ifaçısı kimi özünün dəsti-xəttini təsdiq etmək hər bir sənətkara məxsus olmayan keyfiyyətdir. İti barmaqları ilə mizrablar vuran Qurban Pirimovun Azərbaycan Dövət Filarmoniyasında konsert proqramı ilə çıxışı hələ də yaddaşlarda öz izini qoruyub saxlayır. Rahat ifa edən sənətkar 23 dəqiqə səhnədə tükənməz gənclik eşqi ilə ifaçılıq məharətini nümayiş etdirmişdir. Həyata, insanlara vurğun olan Qurban Pirimovu tarsız təsəvvür etmək qeyri-mümkündür. O, ömrünün sonuna qədər bu alətə bağlı bir sənətkar olmuşdur. Qurban Pirimov sənətinin böyüklüyüdür ki, müasir həyatımızda belə onun musiqi çalarları insanların ruhuna qida bəxş edir. Odur ki, belə virtioz sənətkar hər zaman xatırlanır və ifasında olan əsərlər bugünkü gənclər üçün bir məktəbdir.

Digər xəbərlər