“Muzeylərə dəstək şəbəkələrinin yaradılması və əhəmiyyəti” mövzusunda təlim-seminar
Dünən Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi və Almaniyanın xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycanda yaşlıların təhsili" proqramı çərçivəsində "Muzeylərə dəstək şəbəkələrinin yaradılması və əhəmiyyəti" mövzusunda təlim-seminar keçirildi.
Bakıda və Azərbaycanın bölgələrində fəaliyyət göstərən muzeylərin aparıcı mütəxəssislərinin iştirak etdiyi təlim-seminarda Almaniyanın Oldenburq şəhərində yerləşən Çarlz fon Ossietzski Universitetinin Ömür Boyu Təhsil Mərkəzinin layihə rəhbəri, muzeyşünas Tomas Şniberq "Tədbirlərin təşkili və idarə edilməsində müasir təcrübə" mövzusunda məruzə ilə çıxış edərək muzeylərin fəaliyyətindən və onların yeni layihələrlə öz bazasını möhkəmləndirməsindən söz açdı. Bildirdi ki, dünya muzeylərinin təcrübəsindən istifadə müasir dövrümüzdə öndə dayanan məsələlərdən biridir. Bu istiqamətdə inkişaf etmiş ölkələrin muzey işinin təcrübəsinə əsaslanmağın vacibliyini vurğuladı.
Sonra mövzu ətrafında müzakirələr aparıldı, təkliflər irəli sürüldü.