PDF Oxu

Mədəniyyət

  • 2

“Ənənə və müasirlik. Bakı-2009” beynəlxalq foto müsabiqəsi

“Ənənə və müasirlik. Bakı-2009” beynəlxalq foto müsabiqəsi
Müslüm Eldarov adına "Ənənə və müasirlik. Bakı-2009" beynəlxalq foto müsabiqəsi elan edilib. Hazırkı müsabiqə 2001 və 2005-ci illərdə keçirilmiş eyniadlı müsabiqələrin məntiqi davamıdır.
Bu, genişmiqyaslı mədəni layihənin həyata keçirilməsinin təşəbbüskarı rəssam və ictimai xadim, vətəndaş və sözün əsil mənasında vətənpərvər, mərhum Müslüm Eldarov olmuşdur. Foto sənəti həqiqətən bədii yaradıcılığın ən aydın və demokratik növü hesab edilə bilər. Bu sənət növü peşə statusundan və sosial durumundan asılı olmayaraq, geniş kütlələrə özlərinin fikir və ideyalarını bədii formada əks etdirməyə, sadə vasitələrlə baş verənlərə fərdi münasibətlərini bildirməyə imkan verir.
Caspian Publishing House Ltd., Bakı İncəsənət Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Londondakı "HUMAY" Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu müsabiqələrin məqsədi mədəniyyət və ümumən humanitar sahələrdə qazanılan təcrübəni yaymaq və mübadiləsinə çalışmaq, xalqların və ölkələrin tərəqqisi naminə beynəlxalq qüvvələri səfərbər etməkdir.
Müsabiqədə iştirak etmək üçün sənədlər bu il oktyabrın 15-dək qəbul edilir. Müsabiqə 8 nominasiya- "Dünya fotoqrafiya gözü ilə - indi və burada", "Portret - Bizim müasirimiz", "Bizim irsimiz", "İyirmi birinci yüzillik yeniliklər rəmzi", "Ekologiya", "Reportaj", "İdman" və "Retro" üzrə keçirilir. Qaliblər üçün Qran-pri,(1000 ABŞ dolları), 1-ci (400), 2-ci (300), 3-cü (200) yerlər üçün və həvəsləndirici (100) mükafatlar nəzərdə tutulmuşdur.
Bundan əlavə, təşkilat bu il müsabiqənin veb-saytında yerləşdirilən fotoəsərlərin ən yaxşısını müəyyən etmək məqsədilə birbaşa səsvermənin keçirilməsini planlaşdırır. Səsvermə zamanı ən çox səs toplayan əsər qalib elan ediləcək və onun müəllifi xüsusi mükafat və diplomla təltif olunacaqdır.

Digər xəbərlər