“Mən səni sevirəm” adlı əsər hazırlanır
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Təhsil Nazirliyi ilə əməkdaşlıq etməyə hazırlaşır. Mövcud olacaq əməkdaşlıq çərçivəsində yeni tamaşa səhnələşdiriləcək və həmin tamaşanın izləyiciləri şagirdlər olacaqdır. Bu məktəbyaşlı uşaqların teatra cəlb edilməsi məqsədi daşıyır. Teatrın cəmiyyətdə tərbiyəedici mahiyyətə malik olması yetişən nəsildə vətənpərvərlik ruhunun yüksəlməsinə, onlarda ideyaların formalaşmasına gətirib çıxarır.
Teatrın direktoru Maqbet Bünyatovun sözlərinə əsasən, bu birgə layihə əsasında yazıçı-dramaturq Əli Əmirlinin Bəhram Osmanovla birgə yazdıqları "Mən səni sevirəm" adlı əsəri hazırlamışlar. Əsərin adı bir az qəribə səslənsə də, tamaşa məktəbyaşlı uşaqlar üçün nəzərdə tutulmuş, tam tərbiyəvi xarakter daşıyan nümunədir. Tamaşanın silsilə olaraq həm teatrda, həm də məktəblərdə nümayişi təşkil olunacaqdır. Həmin layihə çərçivəsində şagirdlərin dramaturqlarla, aktyorlarla görüşlərinin də təşkili nəzərdə tutulub.
Bununla yanaşı, Milli Akademik Dram Teatrında yaradıcı kollektiv repertuara daxil olan 20-yə yaxın tamaşa üzərində məşqə başlanmışdır. Teatrın direktorunun sözlərinə görə, hazırda Əsgər Əsgərovun quruluşunda yeni tamaşa hazırlanır. Çingiz Aytmatovun "Çingiz xanın ağ buludu", Jan Koktonun "Antiqona" əsərləri repertuara salınmışdır. Bu əsərləri teatrın baş rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov səhnələşdirəcək.
Teatrda, həmçinin, xarici ölkə rejissorları ilə birgə əməkdaşlıq da nəzərdə tutulub. Dəvət olunacaq rejissorlar dünyaşöhrətli dramaturqlara Vilyam Şekspirin, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin və başqalarının yaradıcılığına müraciət ediləcəklər. Təbii ki, Akademik Milli Dram Teatrında əsaslı yenidənqurma və təmir-bərpa işləri başa çatdıqdan sonra bu birgə əməkdaşlıq işlərinə start veriləcək. Görülən işlər teatr kollektivinin fəaliyyətinin daha da yaxşılaşdırılmasına imkan verəcək. Artıq təmir və bərpa işləri yekunlaşmaq üzrədir. Xatırladaq ki, təmir və yenidənqurma zamanı teatr binasının əvvəlki memarlıq üslubunun qorunub-saxlanılmasına və milli ornamentlərlə daha da zənginləşdirilməsinə xüsusi diqqət verilir. Fasadın kürsü hissəsi də şəbəkəli dizayn əsasında yenidən qurulur. Binanın həyətində zirzəmi və iki mərtəbədən ibarət yeni bina tikilib. Əvvəllər teatrın əsas binasında yöndəmsiz şəkildə yerləşdirilən dülgər sexi, tikiş sexi, dekorasiya avadanlıqları, və əlbisələr üçün nəzərdə tutulan otaqlar və digər təsərrüfat əhəmiyyətli sahələr həmin korpusa köçürüləcək. Daxili interyerdə də maraqlı yeniliklər var. Foyedəki tağlar, tavandakı milli naxış və ornamentlər bərpaçıların yüksək bədii zövqündən xəbər verir. Teatrın səs-akustika və səhnə işıqlandırma sistemi də müasir layihə və texnologiyalar əsasında yenidən qurulur.
Məlumat verdiyimiz kimi, hazırda teatrın kiçik zalında, rəssam otağında və yardımçı otaqlarda üzləmə işləri başa çatdırılıb. Bəzək-boya işlərinə hazırlıq görülür. Binanın arxasında hər biri 200 kubmetrlik 2 su anbarı inşa olunur. Layihəyə əsasən, teatrın ətraf ərazisində də geniş abadlıq işləri aparılacaq. Bərpa və yenidənqurma işləri gələn ilin martında başa çatdırılacaq.
Bərpa və təmir işlərinə yekun vurulduqdan sonra teatr fəaliyyətini daha geniş miqyasda davam etdirəcək.