PDF Oxu

Mədəniyyət

  • 8

BORSUNLU MƏZAHİR DAŞQIN - 100

BORSUNLU MƏZAHİR DAŞQIN - 100
Azərbaycan ədəbiyyatının XX əsr sovet dövrü öz mürəkkəb səciyyəsi, ziddiyyəti və eyni zamanda, zəngin irsi ilə seçilir. İndi, XXI əsrin başlanğıcında həmin dövrü obyektiv elmi meyarlarla qiymətləndirərək, şablon və qeyri-elmi fikirlərdən azad, dəqiq və inandırıcı mülahizələrlə həmin dövrün ədəbiyyatını tədqiq etməyin vaxtı gəlib çatmışdır. Heç şübhəsiz ki, sovet ədəbiyyatı tamamilə hakim ideologiyanın hökmü və tələbi ilə, onun diqtə və göstərişi ilə formalaşmışdır. Doğrudur, hakim ideologiyanın ədəbiyyata böyük təsiri olmuşdur, o, mövcud cəmiyyətin, xüsusilə, mənəvi yaradıcı insanlarından sovet qurumunu, sosializm ideologiyasını açıq-açığına təbliğ etməyi tələb edirdi. Sosializm realizmi bir ədəbi cərəyan kimi, məhz, bu məqsədlə yaradılmışdı. Bu ədəbi cərəyanın formalaşdırdığı ədəbiyyat partiyalı ədəbiyyat idi. O, yazıçıdan sovet cəmiyyətinin ideoloji prinsiplərinə sadiq qalmağı tələb edir, quruluşun, dövlətin, partiyanın mənafeyini müdafiə edən "müsbət qəhrəman" şüarını irəli sürürdü. Lakin bu ideoloji təzyiqlərə baxmayaraq ədəbiyyatın sovet dövrü mərhələsində də sosializm realizmi ədəbiyyatı ilə uyuşmayan, sırf milli-mənəvi dəyərlərdən qidalanan, hətta bəzi məqamlarda onun prinsipləri ilə daban-dabana zidd bir ədəbiyyat və bu ədəbiyyatı yaradan sənətkarlar da mövcud idi.
Azərbaycan ədəbiyyatının XX əsrdə yaşayıb-yaradan elə sənətkarları olmuşdur ki, məlum səbəblər üzündən onların yaradıcılığına düzgün qiymət verilməmiş, yalnız uzun müddət keçdikdən sonra onların həyat və yaradıcılığına, dünyagörüşünə vurulmuş "millətçi", "pantürkist", "panislamist", "yad" və "yabançı" damğaları ləğv edilmiş, əsərləri çap olunmuş və onlar haqqında həqiqi rəy, fikir söylənilmişdir. Belə sənətkarlardan biri də Borsunlu Məzahir Daşqındır.
Şeirləri ilə xalqın ürəyinə yol tapmış Borsunlu Məzahir Daşqın çox ağır, məşəqqətli bir həyat yolu keçmişdir. Tale onu erkən yaşlarından, hələ həyatın isti-soyuğunu dadmamış ağır sınaqlar qarşısında qoymuş, xoşbəxt yaşamağa layiq ikən məhrumiyyətlərə düçar etmişdir.
Hər birimiz kimi Məzahir Daşqın da sağlığında öz tərcümeyi-halını yazmış, burada ömrünün təxminən 40 ilini təsvir etmişdir. Mənə elə gəlir ki, bu sənədə əsaslanaraq şair haqqında deyəcəklərimiz sizlər üçün də maraqlı olardı.
Məzahir Həmzə oğlu Axundov 1909-cu ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. Şairin atası Məşədi Həmzə Tərtər rayonunun Borsunlu kəndində sayılan-seçilən mötəbər adamlardan biri idi. O, bir müddət xırda ticarətlə ailəsini dolandırmış, lakin sonralar bu peşə ürəyinə yatmadığı üçün sadə əkinçi həyatına qayıtmışdır. Elə bu səbəbdən də Məşədi Həmzə "yeni həyat uğrunda kütlələrin inqilabi hərəkatına rəğbət bəsləmiş, mütərəqqi qüvvələrə hər vasitə ilə kömək göstərmişdir. O, kəndlilərin xeyirxahı kimi çıxış edir, haqsızlıq gördükdə öz səsini ucaldırdı. Məhz bunun üçündür ki, bu xeyirxah insan camaat arasında böyük nüfuz qazanmışdı. Azərbaycanda sovet hakimiyyətinin qələbəsi yolunda qızıl orduya yaxından kömək etmək, kəndlilərin yeni quruluşun qələbəsinə inamını artırmaq sahəsində də Məşədi Həmzə əlindən gələni əsirgəmirdi. Lakin onun bolşevizmə inamı heç də özünü doğrultmur və çox keçmədən bu inam inamsızlıqla, fanatizm isə faciə ilə əvəz olunur. Hələ iyirminci illərdə Məşədi Həmzə tanınmış bolşevik Hüsü Hacıyevi müdafiə etdiyi üçün partiya sıralarından xaric olunur, çox keçmədən elə bu səbəbə görə də həbsə alınır. Ancaq məsələ aydınlaşandan sonra Məşədi Həmzə həbsdən azad olunur, yenidən partiya sıralarına bərpa edilir. 1937-ci ildə Ağdamda pambıq birliyinin müdiri işləyən Məşədi Həmzə də çox keçmədən repressiyanın qurbanı olur.
1938-ci il mart ayının 5-dən 6-na keçən gecə güllələnir.
Təbii ki, atasıyla bağlı bütün hadisələr Məzahirin də həyatına təsirsiz qalmır. O, hələ uşaqlıqdan möhkəm hafizəsi, şeir söyləmək qabiliyyəti ilə diqqəti cəlb edirdi. Bu faktı Məzahir Daşqından söz açan bütün tədqiqatçılar xüsusi qeyd etmişlər ki, 10 yaşı olarkən Məzahir Cavanşir qəzasında keçirilən Şura qurultayında el sənətkarlarının şeirlərini əzbər söyləmiş, hamını heyran qoymuşdu. Elə həmin qurultayın qərarı ilə Məzahir Bakıya - fəhlə fakültəsində təhsil almağa göndərilir. Bu, yeni quruluşun - sovet hakimiyyətinin gənc istedadlara göstərdiyi qayğının bir təzahürü idi. Lakin həmin quruluşun çox böyük bir qüsuru da vardı - bu da siyasiləşmənin həyatın bütün sahələrinə mexaniki tətbiqi idi.
Məzahir Daşqının həyatında ən faciəli anlar Böyük Vətən müharibəsi ilə bağlıdır. Müharibənin başladığı ilk günlərdə (23 iyun 1941) Məzahir Daşqın könüllü surətdə Vətəni düşməndən azad etməyə hazır olduğunu sübut edir, ordu sıralarına qəbul olunmaq üçün ərizə verir. O, müəyyən təlim keçəndən sonra 1941-ci ilin avqustunda sovet ordusu sıralarında İrana yola düşür, 1942-ci ilin fevralınadək bu ölkədə olur. Burada ustad Aşıq Hüseyn Cavanla görüşür, İranın məşhur şair-aşığı Səyyahla deyişir, Gülgəzin məclislərində olur, Cənubi Azərbaycana aid böyük bir silsilə şeirlərini yazır. Beləliklə, İran səfəri Məzahir üçün, sözün əsil mənasında, kamilləşmə, istedadını büruzə vermə məktəbi olur.
Çox təəssüf ki, Məzahir Daşqının İranda yaşadığı dövr haqqında bundan artıq məlumat əldə etmək mümkün deyildir. Ancaq İranda yaşadığı dövrdə Məzahir Daşqın şeir yaradıcılığını davam etdirmiş, burada "Dilənçi Gülzar" poemasını qələmə almış, aşıq şeiri üslubunda bir sıra nümunələr yaratmışdır.
1942-ci ilin fevral ayında Daşqının xidmət etdiyi hissə yerini dəyişir, ön cəbhəyə göndərilir. Həmin ilin avqust ayında almanlarla vuruşların birində Məzahirin daxil olduğu hissə məğlub olur, hissənin sağ qalan əsgərlərinin sovet ordusu ilə birləşmək cəhdləri uğursuzluğa düçar olur, beləliklə, Məzahir əsir düşür. M.Daşqın müxtəlif ölüm düşərgələrində olur, fiziki və mənəvi əzablara tuş gəlir.
Burada bir mühüm amili də qeyd etmək lazım gəlir. Məzahir Daşqın sovet vətəndaşı olsa da, yaşadığı mühitdən, quruluşdan narazı idi. Çünki kommunist ideallarına sədaqətlə xidmət edən atası Məşədi Həmzə haqsız yerə incidilmiş, həbs olunmuş, təzədən partiya sıralarına qaytarılsa da, repressiyanın tufanından xilas ola bilməmişdi. O, bu cəmiyyətə, quruluşa, Stalinə nifrət edirdi və belə bir şəxsin Böyük Vətən müharibəsi illərində Almaniyada sovet hökumətindən narazı olanlar sırasına qoşulması heç də təəccüblü deyil.
M.Daşqının legion həyatı indiyə kimi heç bir tədqiqatda geniş şəkildə əks olunmamışdır. İlk dəfə tarix elmləri namizədi Məmməd Cəfərli bu yöndə "Ədəbiyyat" və "Ekspress" qəzetlərində çıxışlar etmişdir. Bundan əlavə, tarix elmləri namizədi Nəsiman Yaqublu "Azərbaycan legionerləri" adlı monoqrafiyasında, professor Qara Namazov isə "Aşıqlar" kitabında bilavasitə məlumat vermişlər. Lakin Məmməd Cəfərlinin "Azərbaycan legion ədəbiyyatı" adlı monoqrafiyasında Məzahir Daşqının o dövr fəaliyyətindən geniş bəhs olunur. Monoqrafiyadan Daşqınla bağlı olan bəzi məqamların sizlər üçün maraqlı olacağını nəzərə alıb diqqətinizə çatdırırıq.
1941-ci il iyunun 24-də orduya çağırılan Məzahir 1942-ci ilin iyulunda Kalmıkiya MSSR-in Arzgir şəhəri yaxınlığında əsir düşüb. Həmin ilin sentyabr ayından dekabr ayınadək Georgiyevski, Zaporojye, Dnepropetrovsk və Krakov şəhərlərindəki hərbi əsir düşərgələrində əsirlik həyatı keçirib. 1943-cü ilin fevralında əsirlikdən azad olunduqdan sonra mənzil qərargahı Polşanın Yedlino şəhərində yerləşən Azərbaycan legionerlərinin hərbi hissəsinə göndərilib. 1943-cü ilin aprelində 818-ci batalyonun Yedlino şəhərindəki musiqi taqımına komandir təyin edilib. 1943-cü ilin mayında Berlində Azərbaycan Xalq Cümhuriyyətinin 25 illik yubileyinə həsr olunmuş yığıncaqda onun rəhbərlik etdiyi musiqi taqımı yığıncaq iştirakçıları qarşısında konsert proqramı ilə çıxış edib. Daha sonra Berlində nəşr olunan "Azərbaycan" qəzetinin ədəbi müxbiri vəzifəsinə keçirilən M.Axundov şeirlərini Aşıq Məzahir və Daşqın təxəllüsü ilə imzalayırdı. Onun şeirlərinə bəstələnmiş mahnılar ilk dəfə 1943-cü il noyabrın 6-8-də azərbaycanlıların Berlində keçirilən birinci qurultayında səslənmişdi.
Məzahir Axundov azərbaycanlıların Berlin qurultayının işində şeir və mahnıların müəllifi kimi iştirak etməkdən başqa qurultay nümayəndəsi kimi Azərbaycanda bolşevik hakimiyyətinin devrilməsinin labüdlüyü barədə siyasi nitq söyləmişdir. Bundan başqa, o, Azərbaycan legionuna yenicə təyin olunmuş alman zabiti Bemenin Azərbaycan dilinə tərcümə edilmiş çıxışını oxumuş, daha sonra "Milli Birlik Məclisi" təşkilatına daxil olmuşdur.
M.Axundov legionerlər üçün təsis olunan "III dərəcəli Bürünc medal"a layiq görülüb. 1943-cü ilin axırında musiqi taqımı azərbaycanlı legionerlərin qalan hissəsi ilə birlikdə Fransaya köçürülüb. 1944-cü ilin martında Daşqın yenidən təşkil edilmiş mədəniyyət şöbəsinin rəhbəri seçilib. 1944-cü ilin mayında o, təhsilini təkmilləşdirmək məqsədi ilə Potsdam təbliğat məktəbinə göndərilib və həmin ilin dekabrında ona alman ordusunun feldfebel rütbəsi verilib. Müharibənin sonlarına yaxın, artıq qeyd etdiyimiz kimi, İtaliyanın Pyaçenza şəhərində çıxan "Bizim döyüş vərəqəsi" mətbu orqanı ilə əməkdaşlığa başlayan müəllifin qəzetdə "Axşamlar", "Bir də", "Şahin", "Gönül həsrəti", "Bayatılar" şeirləri çap olunmuşdur.
Böyük Vətən müharibəsi başa çatır, Məzahir Daşqın öz xahişi ilə Vətənə qayıtmaq arzusunda olduğunu vacib sayır, 1946-cı ildə o, əsirlikdən xilas olur. Yeganə arzusu doğma kəndini və anasını görmək idi.
Çox təəssüf ki, vətənə qayıdan Məzahir Daşqına nə anasını, nə də kəndini görməyə imkan vermirlər. Məzahiri həbs edib Mingəçevirə, sonra Bakı həbsxanasına, oradan da əvvəlcə Qorki vilayətinə, daha sonra Sibirə göndərirlər. Məzahir Daşqın 23 iyul 1956-cı ilə qədər Sibirdə sürgündə olur.
M.Daşqının Sibirdə keçirdiyi günlər haqqında məlumat, demək olar ki, yoxdur.
Məzahir Daşqın Vətənə döndükdən sonra bir müddət işsiz qalır. Təbii ki, müharibədə əsir düşmüş, həm də öz şeirlərində sovet quruluşunu tənqid hədəfinə çevirən, haqsızlığa qarşı etiraz səsini ucaldan bir şair dövlət - təhlükəsizlik orqanlarının nəzarətində olmalıydı. Lakin buna baxmayaraq, Məzahir Daşqını sevənlər çox idi, onların bir çoxu yaxşı bilirdilər ki, Məzahir Daşqın böyük şair Səməd Vurğunun dostu olmuşdur, bir qismi isə Məzahirin şairlik istedadını yüksək qiymətləndirirdi. Bundan başqa, altmış-yetmişinci illərdə Azərbaycanda da demokratik ruhlu insanlar var idi. Onlar heç nədən çəkinməyərək Məzahir Daşqına maddi və mənəvi köməkliklərini əsirgəmirdilər. Bu sırada xalq şairi Osman Sarıvəlli, aşıq İslam Yusifov, dramaturq Səttar Axundov, şair Tofiq Bayram, professor Bağır Bağırov, partiya işçisi Nəzir Əhmədov, el sənətkarı Mikayıl Azaflı, hüquq-mühafizə orqanlarında çalışan Paşa Salahlı, Mədəniyyət Nazirliyinin işçisi Məbud İsmayılzadə və başqalarının adlarını çəkmək olar.
Məzahir Daşqın 1960-cı ildən Gəncədə, Rayonlararası Xalq Yaradıcılığı Evində folklor şöbəsinin müdiri kimi fəaliyyətə başlayır. Onun işə götürülməsində həmin yaradıcılıq evinin direktoru, professor Bağır Bağırovun xidmətləri xüsusi qeyd olunmalıdır. Xalq Yaradıcılığı Evində işləyərkən Məzahir Daşqın müxtəlif folklor tədbirlərinin təşkili və keçirilməsində öz köməyini əsirgəməmişdir.
Lakin bununla yanaşı, Məzahir Daşqın, yeri gəldikcə, təhlükəsizlik şöbələrinə çağırılır, hər addımı izlənilirdi. Doğrudur, xalq, poeziya və aşıq musiqisi pərəstişkarları Daşqını sevirdilər. Onun çıxışlarını hərarətlə alqışlayırdılar. Lakin onun şerlərinin çapına icazə vermirdilər. Bəzən bu şeirlər "xalq ədəbiyyatı nümunələri" kimi oxunur, müəllifi unudulurdu, yaxud Daşqının bir neçə şeiri qəzet və jurnal səhifələrinə çıxarılmaq ərəfəsində çapı dayandırılırdı.
Məzahir Daşqının yaradıcılıq irsi zəngindir. Onun ölümündən sonra üç kitabı çap olunmuşdur: "Bir zaman can deyib, can eşidərdik" (tərtibçi professor Bağır Bağırov), "Susmaram" (tərtibçi fil.elm.nam. Şəhla Tahirqızı), "Borsunlu Məzahir Daşqın", I c. (tərtibçi professor Bağır Bağırov). Bu kitablardakı poeziya nümunələri, sözün həqiqi mənasında, əsil istedad qələminin məhsullarıdır, lakin bu kitablarda onun poetik irsi heç də tam, bütöv şəkildə əhatə olunmamışdır. Bu sahədə axtarışlar hələ davam edir, yəqin ki, şifahi şəkildə yayılan, amma heç bir kitaba düşməyən şeirləri də çoxdur, yaxud arxivində hələ çox şeirlər tapılacaq. Lakin bir həqiqət məlumdur ki, Daşqının çap olunan kitablarındakı əsərləri onun 53 illik yaradıcılıq yolu barədə geniş təsəvvür yaradır.
Daşqın el şairidir və onun yaradıcılığını qiymətləndirərkən, bu meyarı əsas götürmək lazımdır. El şairləri deyilən sənətkarlar fitrətən böyük istedad sahibi olmuşlar, onlar klassik poeziyaya və aşıq şeirinə mükəmməl bələd idilər. Daşqın da yaradıcılıq xarakterinə görə el şairi idi - onun araya-ərsəyə gətirdiyi poeziya nümunələri də məhz bu meyarla qiymətləndirilməlidir. Lakin Daşqının yaradıcılığını tədqiq edərkən, onu sırf aşıq poeziyasının nümayəndəsi, ustad aşıqların davamçısı kimi qiymətləndirmək də birtərəflilikdir. Daşqını həm də XX əsr Azərbaycan poeziyasının nümayəndəsi kimi təhlil etmək lazımdır. Çünki Daşqının yaradıcılığı həm mövzu baxımından, həm də forma-sənətkarlıq nöqteyi-nəzərindən əhatəlidir. O, dörd poemanın "Dilənçi Gülzar", "Nankor övlad və zülmün sonu", "Vicdan əzabı", "Xırda və Xançal" - müəllifidir, bu poemalar göstərir ki, Daşqını təkcə aşıq poeziyası hüdudunda qiymətləndirmək yanlışlıqdır.
Daşqının yaradıcılığı XX əsr Azərbaycan insanının - mənəvi və fiziki repressiyaya məruz qalmış bir insanın keçdiyi yolun, xalqın ən şərəfli oğullarının 30-cu illərdən başlayaraq, yaşadığı faciəli anların bədii tarixçəsidir.
Qeyd etdik ki, Daşqının ədəbi irsi aşıq şeri tərzində yazdığı qoşma, gəraylı, təcnis, divani, qəzəl və müxəmməslərdən, həmçinin, müasir şeir formalarını əhatə edən poetik nümunələrdən, əldə olunmuş dörd poemadan, deyişmələrdən ibarətdir. O da bizim bir çox şairlərimiz kimi Vətəni - Azərbaycanı, onun rəngarəng təbiətini tərənnüm etmiş, məhəbbət mövzusunda şeirlər yazmış, cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrə öz münasibətini bildirmiş, bir sıra şeirlərində isə həyata, dünyaya öz fəlsəfi baxışlarını əks etdirmişdir. Bu mövzuları biz hər hansı tanınmış bir Azərbaycan şairinin yaradıcılığında da izləyə bilərik. Lakin mövzular eyni olsa da, Daşqın bu mövzularda öz sözünü deyə bilmiş, beləliklə, poeziyada öz poetik dəst-xəttini yaratmışdır. Onun şeirləri öz bədii estetik məziyyətlərinə görə də seçilir, fərqlənir, özünəməxsusluğu ilə diqqəti cəlb edir. Qoşmada, gəraylıda, təcnisdə seçilmək, fərqlənmək o şairə nəsib olur ki, o, ənənəvi formada özünün poetik istedadını göstərə bilsin. Özü də klassik poeziyaya, aşıq şeirinə bağlı olan, onun təsir dairəsindən ayrıla bilməyən bir şair üçün "köhnə havalarda" təzə söz demək əsil poetik hünərdir.
Məzahir Daşqını bu mənada klassik şeirimizin, aşıq poeziyasının XX əsrdə ən layiqli davamçısı saya bilərik, lakin öncə qeyd etdiyimiz kimi, onun yaradıcılığını bu dairə ilə məhdudlaşdırmaq olmaz. O, davamçıdır, eyni zamanda, ənənəyə də müticəsinə boyun əyməmişdir, XX əsrin S.Vurğun, S.Rüstəm kimi şairlərinə xas olan bir cəhəti yaradıcılığında davam etdirmişdir - o, XX əsrin bədii təfəkkürünə yiyələnən bir şair olmuşdur. Yəni o, ənənəvi şeirdə daha çox müasir həqiqətləri ifadə etmişdir.
Məzahir Daşqın (onu da qeyd edək ki, Daşqın təxəllüsünü o, 1941-ci ildən etibarən işlətmişdir) çox çətin, ağır, məşəqqətli bir ömür sürsə də, əsil şair-sənətkar ömrü idi. Şairin vəfatından (1979, 31 oktyabr) keçən illər də göstərir ki, əsil istedadların ölümü, əslində, onların dünyaya yeni gəlişidir. Şairlər ölmür, çünki onların ömürləri oxucularının sayı qədər sonsuzdur. Elə Məzahir Daşqının ömrü kimi...

Digər xəbərlər