PDF Oxu

Mədəniyyət

  • 4

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Avstriyada səfərdə olub

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Avstriyada səfərdə olub
Səfər çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Avstriya Respublikasının Təhsil, İncəsənət və Mədəniyyət üzrə Federal Nazirliyi arasında mədəniyyət və incəsənət sahələrində 2009-2012-ci illəri əhatə edən əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata istinadən, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 5-6-da Avstriyada səfərdə olmuşdur.
Nümayəndə heyəti səfərin ilk günü Krems şəhərində İMC Krems Tətbiqi Elmlər Universitetinin yaradılmasının 15 illiyi münasibətilə keçirilən təntənəli yubiley mərasimində iştirak edib.
Oktyabrın 6-da isə Vyanada Əbülfəs Qarayev Avstriyanın təhsil, incəsənət və mədəniyyət üzrə federal naziri Klaudia Şmidtlə görüşmüşdür. Görüşdə iki ölkə arasında mədəniyyət əlaqələrinin tarixi, hazırkı vəziyyəti və gələcək imkanları barəsində fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, 2009-cu ildə Avstriyanın Lints şəhəri Avropanın Mədəniyyət Paytaxtı və Azərbaycanın Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilməsi bu sahədə qarşılıqlı təcrübə mübadiləsi geniş imkanlar açır.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Avstriya Respublikasının Təhsil, İncəsənət və Mədəniyyət üzrə Federal Nazirliyi arasında mədəniyyət və incəsənət sahələrində 2009-2012-ci illəri əhatə edən əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Sənədi Əbülfəs Qarayev və Klaudia Şmidt imzalamışlar. Memorandumda növbəti illərdə iki ölkə arasında mədəniyyət və incəsənət sahələrində əlaqələri dərinləşdirmək, muzeylər, ictimai-kütləvi kitabxanalar arasında təcrübə mübadiləsi aparmaq, incəsənət xadimləri və ekspertlər arasında təlim kursları keçirmək, hər iki ölkədəki mədəniyyət tədbirlərini təşviq etmək və informasiya mübadiləsi aparmaq barədə müddəalar öz əksini tapmışdır.
Görüşdə Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov, Avstriyanın ölkəmizdəki səfiri Marius Kalliqaris, Xarici İşlər Nazirliyi mədəniyyət siyasəti departamentinin baş direktoru Emil Briks, Federal Təhsil, İncəsənət və Mədəniyyət Nazirliyinin xarici ölkələrlə ikitərəfli və çoxtərəfli mədəni əlaqələr və Avropa Birliyi ilə mədəni əlaqələr şöbələrinin rəhbəri Norbert Ridl iştirak etmişlər.

Digər xəbərlər