“Yaddan çıxmaz Qarabağ” adlı mədəni-siyasi aksiya-incəsənət həftəsi keçirilir
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə artıq ikinci ildir ki, oktyabrın birinci həftəsində respublikamızda "Yaddan çıxmaz Qarabağ" adlı mədəni-siyasi aksiya- incəsənət həftəsi keçirilir. Həftə çərçivəsində oktyabrın 6-da Şəki şəhər İncəsənət Məktəbində "Qarabağ uşaqların yaddaşında" adlı asfalt üzərində rəsm aksiyası keçirilib.
İncəsənət həvəskarlarının qatıldığı tədbirdə şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov bildirib ki, nazirliyin müvafiq əmrinə əsasən keçirilən bu aksiya yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, habelə, Qarabağ mövzusuna həsr olunmuş sənət əsərlərinin daha geniş təbliği məqsədi daşıyır. Şöbə müdiri gənclərin Vətənə, torpağa məhəbbət ruhunda tərbiyə olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamış, balaca rəssamlara uğurlar arzulayıb.
Sonra aksiyaya qatılan 20-dən artıq gənc rəssam asfalt üzərində öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirib. Onların çəkdikləri rəsmlərdə doğma Vətənə sevgi və məhəbbət, Azərbaycan əsgərinin şücaəti, habelə, mənfur düşmənə nifrət hissi xüsusilə diqqəti cəlb edirdi.
Tədbirin sonunda münsiflər heyətinin rəyinə əsasən, aksiyanın qalibləri müəyyənləşdirilib.