Azərbaycanlı rəssamın əsərləri marağa səbəb olub
Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədov dünyada neftlə tablolar çəkən yeganə rəssam Sabir Çopuroğlunun Aktauda fərdi sərgisinin keçirilməsini Azərbaycan və Qazaxıstan xalqları arasında mədəni əlaqələrin inkişafına böyük töhfə olduğunu bildirmişdir. Əsası ulu öndər Heydər Əliyev və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev tərəfindən qoyulmuş siyasi, iqtisadi, humanitar əlaqələrimizin inkişafı ölkələrimizin mənafeyinə uyğundur və bu siyasət bu gün də davam etdirilir.
Qazaxıstanın tanınmış rəssamı Kulbay Aytbay, Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Eldar Günaydın, Aktaudakı "Dostluq" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Yusif Quliyev və başqaları bu sərginin vilayətin mədəni həyatında böyük hadisə olduğunu bildirmişlər.
Sabir Çopuroğlunun baş konsulluğun təşəbbüsü ilə çap edilmiş kataloqunun təqdimatı olmuşdur.
Xatırladım ki, Sabir Çopuroğlunun neft ilə yaratdığı əsərlər bir neçə il bundan əvvəl Almaniyada sərgilənmiş, bura toplaşan əcnəbi rəssamların diqqətini cəlb etmişdir.
Sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.