PDF Oxu

Mədəniyyət

  • 8

Turan Cavidin doğum günü qeyd olundu

Turan Cavidin doğum günü qeyd olundu
Dünən AMEA Hüseyn Cavidin ev-muzeyində əməkdar mədəniyyət xadimi, Hüseyn Cavid mükafatı laureatı, teatrşünas Turan Cavidin doğum gününə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanlı qonaqları salamlayıb, Turan xanımın muzeydəki əvəzsiz xidmətlərindən iştirkçılara söz açdı. Qeyd etdi ki, Azərbaycan teatr sənətində dəsti-xətti olan Turan Cavid böük bir nəslin, Hüseyn Cavid nəslinin layiqli davamçısı olaraq, istedadı, bacarığı ilə xalqına xidmət etmiş ziyalılar sırasındadır.
G.Babaxanlı bildirdi ki, oktyabr ayı "Cavidlər ayı" kimi ənənəvi olaraq hər il qeyd olunur. Turan Cavidin, Ərtoğrul Cavidin, Hüseyn Cavidin ad günləri məhz bu ayda qeyd olunur. Buə ənənəni davam etdirən muzey yaxın günlərdə adlarını qeyd etdiyimiz digər yaradıcı simaların da ad günlərini bu ayda qeyd edəcəkdir.
Muzeyin direktoru çıxışında onu da bildirdi ki, Hüseyn Cavidin ev-muzeyi tərifindən Turan Cavidin həyat və yaradıcılığına həsr olunmuş kitab yaxın günlərdə nəşr olunacaq. G.Babaxanlı Turan Cavidin ad günü ilə yanaşı, bu gün "Hüseyn Cavidin ev-muzeyi" kitabının da təqdimat mərasiminin keçirildiyini iştirakçıların nəzərinə çatdırdı. O, vurğuladı ki, bu kitab adından göründüyü kimi, muzeyə həsr edilmişdir. Burada muzeyin yaranma tarixindən, eksponatlardan, muzeyə verilmiş hədiyyələrdən və Hüseyn Cavidin Bakıdakı və Naxçıvandakı ev-muzeylərindən bəhs olunur. Kitabın elmi redaktoru, filologiya elmlər doktoru, professor Cəlal Qasımov, redaktoru isə Hüseyn Cavidin ev-muzeyinin direktoru Gülbəniz Babaxanlıdır. Kitaba daxil edilən yazıların hər birində Hüseyn Cavidin Azərbaycan ədəbiyyatına, milli düşüncəsinə, fəlsəfi görüşlərə olan münasibətindən bəhs edilərək, belə bir ziyalının xalqına bəxş etdiyi tövhələrə nəzər salınıb. Bununla yanaşı, yeni nəşrdə ümummilli liderimiz Heydər Əliyevin Hüseyn Cavid irsinə, şəxsiyyətinə olan münasibət və Onun muzeyinin təşkil olunmasındakı xidmətinə önəm verilir. Represiya qurbanına çevrilmiş Hüseyn Cavid irsinə vaxtilə yaranmış müxtəlif münasibətlər onun azərbaycançılıq mövqeyinin, ideologiyasına lazımi bir şəkildə qəbul olunmaması kimi səciyyələnir.
Kitabda Turan Cavidlə ulu öndər Heydər Əliyevin söhbəti və dialoq şəklində qurulan bu görüşün təfsilatı ilə dərc edilməsi sözün həqiqi mənasında Heydər Əliyevin Cavid irsinə böyük məhəbbətini və onun yaradıcılığına dərindən bələd olmasını göstərir. 1982-ci ildə oktyabrın 21-də Sibirdə Hüseyn Cavidin qəbri tapılır və 100 yaşına görə, 100 atəş açıldıqdan sonra cənazəsini çıxararaq, nəşini Azərbaycana gətirib, onu doğulduğu məkanda torpağa tapşırırlar. Bu, həqiqətən də, Heydər Əliyevin Hüseyn Cavidə böyük sevgisinin ifadəsi idi. Kitabda yer almış fotolar da Heydər Əliyevin muzeyin açılışında iştirakını əks etdirir. Kitabda eyni zamanda, onun əsərlərindən, eləcə də, müxtəlif illərdə tamaşaya qoyulan əsərlərinin afişası dərc edilmişdir. 1907-ci ildə İstanbulda çəkdirdiyi və bizə ilk məlum olan fotoşəkli də maraq doğurur. Cavid və onun ailəsi, onlar haqqında olan məlumatlar yeni nəşrin səhifələrində geniş bir şəkildə əks olunmuşdur. Onu da qeyd edim ki, kitabda bir çox ziyalıların Cavid irsindən və Cavid ailəsindən bəhs edən məqalələri, xatirələri dolğun və məzmunlu şəkildə əks olunmuşdur.
Tədbirdə çıxış edən yazıçı-publisist Salatın Əhmədli kitabın yaranmasından və burada yer almış xatirələrin toplanmasından söz açaraq, belə bir nəfis tərtibatın Hüseyn Cavidin ev-muzeyinə böyük hədiyyə olduğunu vurğuladı.
Turan Cavidin ad gününə həsr olunmuş tədbirdə kitabın elmi redaktoru Cəlal Qasımov, şair Gülhüseyn Hüseynoğlu, Oqtay Sadıqzadə, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Teymur Kərimov, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru Aybəniz-Əliyeva-Kəngərli, "Cavid ömrü" filminin rejissoru Ramiz Həsənoğlu və başqaları çıxış edərək, Turan Cavidlə bağlı xatirələrindən danışıb, bu nəslin azərbaycan fikir tarixinə, ədəbiyyatına, teatrına olan sevgisindən, tövhələrindən danışaraq, öz görüşlərini, xatirələrini ifadə etdilər.
Hüseyn Cavidin ev-muzeyində Turan Cavidin ad gününə həsr olunmuş sərgi də iştirakçılara təqdim olundu.

Digər xəbərlər