“Avrasiya” xalq mədəniyyət sənayesi və dekorativ-tətbiqi sənət sərgi-yarmarkası keçirilir
TÜRKSOY beynəlxalq təşkilatının dəstəyi və Türkiyənin "REM Fuar Organizasyon Ltd. Şti." şirkətinin təşkilatçılığı ilə Ankara şəhərində "Avrasiya" xalq mədəniyyət sənayesi və dekorativ-tətbiqi sənət sərgi-yarmarkası keçirilir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə sərgidə xalça ustası Pərvin Kazımov, şəbəkə ustası Tofiq Rəsulov və misgər Şaiq Süleymanov iştirak edərək sənətlərini nümayiş etdirəcəklər.
Nazirlik hazırda xalq tətbiqi sənətinin, folklor yaradıcılığının inkişaf etdirilməsi üçün qeyri-maddi mədəni irsin dəstəklənməsinin təminat mexanizmlərinin monitorinqini keçirməklə yanaşı, "Azərbaycanın Qeyri-maddi Mədəni İrs Konsepsiyası"nın layihəsinin, eyni zamanda, digər proqramların, layihələrin hazırlanması və həyata keçirilməsi istiqamətində müvafiq işlər aparıb. Sərgi-yarmarka oktyabrın 4-ə kimi davam edəcək.