“Qu gölü” baletinin tamaşası səhnələşdiriləcək
Uzun illərdən bəri formalaşmış yaradıcılıq ənənələrinə əməl edən Akademik Opera və Balet Teatrı yenicə qədəm qoyduğu teatr mövsümündə də opera və balet sənəti ulduzların iştirakı iiə yeni tamaşalar keçirməyi nəzərdə tutmuşdur. Yeni mövsümdə ilk bu qəbildən olan tamamşa oktyabrın 24-də baş tutacaq P.Çaykovskinin "Qu gölü" baletinin tamaşası olacaq.
Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata istinadən, tamaşada əsas rolları klassik balet sənəti ulduzları - Belorus Akademik Böyük Teatrının aparıcı solistləri, Belorusun xalq artistləri, balet artistlərinin beynəlxalq müsabiqələr laureatları Olqa Qayko və İqor Artamonov ifa edəcəklər. O.Qayko və LArtamonov hazırda Avropanın ən populyar və dəbdə olan balet ulduzlarından sayılır. Onlar London, Paris, Sürix, Münhen, Amsterdam və Avropanın bir sıra digər paytaxt şəhərlərində uğurlu qastrol səfərlərində olmuşlar. 2008-ci ildə Tokioda keçirilən beynəlxalq balet sənəti festivalında bu cütlük "Qu gölü" baletində əsas partiyaların ən yaxşı ifaçıları üçün təsis edilmiş prizə layiq görülmüşlər. Tamaşanın baletmeyster - SSRİ Xalq Artisti, Dövlət Mükafatı Laureatı, professor Valentin Yelizarov Olqa Qaykonu zəmanəmizin görkəmli balerinalarından və Odilliya rolunun ən yaxşı ifaçılarından biri kimi qiymətləndirmişdir.
Heç şübhəsiz ki, oktyabrın 24-də Opera və Balet Teatrında keçiriləcək tamaşa balet sənətinin əsil həvəskarları içərisindən böyük tamaşaçı auditoriyası toplayacaq. O.Qayko və L.Artamonov kimi parlaq balet ulduzlarının Bakıya gəlməsi və tamaşada iştirakı isə həm şəhərin, həm də teatrın mədəni həyatında parlaq hadisəyə çevriləcək.