PDF Oxu

Mədəniyyət

  • 12

Ali hisslərin təmasında Azərbaycan mənzərəsi

Ali hisslərin təmasında Azərbaycan mənzərəsi

Müasir ədəbiyyatımızda nəsr və nəzmlə yazılan əsərlərin ideologiyası yeni fikirlər, düşüncələr ilə zəngin və şaxəlidir. Bu ədəbiyyatın prinsip etibarilə əsasında duran məqsəd cəmiyyət üçün yararlı ola biləcək geniş bir təbəqəni mənən zənginləşdirmək, onların həyat fəaliyyətini stimullaşdırmaqdır. Belə ki, heyrətamiz, düşüncələrdən yoğrulmuş fəlsəfi mahiyyət daşıyan əsərlərin kökü insanlığa xidmətin əsasındadır. Çağdaş poeziyamızda mövcud olan müxtəlif fikirlər ikili mövqedə olan insanların həyat tərzinin nizamlanmasına, onlarda vətənpərvərlik ruhunun yüksəlməsinə, ilahi eşqin aşılanmasına, övlada, anaya olan sevgi hissinin əxz edilməsinə öz müsbət təsirini göstərməkdədir.
Çoxsaylı qələm sahiblərinin özünəməxsus imzası onların dəsti-xəttində, orijinallığındadır. Təbii ki, bunun əsasında hər kəsin sənətkarlıq meyarı cəmiyyətə və bütövlükdə, ətrafı olan münasibəti cəmləşmişdir. Tanınmış şair Əvəz Süleymanoğlunun da zəngin irsimizdə özünəməxsus yeri, yaradıcılıq mövqeyi vardır. Onun "Hikmətli sətirlər", "Həsrət nəğmələri" və digər şeirlər kitabı məhz yetişən nəsilə öyüd-nəsiət vermək, onlarda vətən sevgisini oyatmaq məqsədi daşıyır. Bu günə qədər yaradıcılığına daxil olan əsərlərin hər birinin qayəsində ali hisslər, ali düşüncələr dayanmışdır. Bu günlərdə şairin "Hicran dərdi" adlı şeirlər kitabı "Azərnəşr" tərəfindən çap olunmuşdur. Kitaba şairin son illərdə nəzmə çəkdiyi poeziya nümunələri toplanılmışdır. Qeyd edim ki, daim yaradıcılıq yolunda olan Əvəz Süleymanoğlunun qələmindən çıxan nümunələr Stokholmda çıxan "Azərbaycan" jurnalında da dərc edilmişdir. Şairin yeni kitabına müxtəlif məzmunda olan şeirlər daxil edilmişdir. "Azərbaycan", "Odlar yurdu", "Milli ordu əsgəri", "Əsgər marşı", "Çal zəfərini", "Şuşa", "Ana", "Ana dili", "Tanrım və zaman", "Qara telli", "Sevda bülbülüm" kimi başlıqlı şeirlər daxil edilmişdir. Bu və ya digər şeirlərin hər birində Azərbaycanın qeyri-adi təbiət mənzərəsi, onun tarixi, milli-mənəvi dəyərləri və bunların təsvirində vətən övladının öz torpağına olan sevgi hissi qabarıq bir şəkildə əksini tapmışdır. Demək olar ki, Əvəz Süleymanoğlunun qələmə aldığı şeirlərdə Azərbaycanın hər bir bölgəsinə aid nümunələr nəzmə çəkilmişdir. Bütün bunlar o deməkdir ki, onun yaradıcılığında Azərbaycanın panoraması ifadəsini tapıb. Şair yaradıcılığı ilə təmas Azərbaycan ilə bir tanışlıq, onun adət-ənənələri, tarixi, coğrafi mövqeyi haqqında kifayət qədər təsəvvür deməkdir. Yaratdığı əsərlərdən böyük zövq alan şair qafiyə demək üçün misralarını nəzmə çəkmir. Bu misralarda fikir və düşüncə bədii ifadə vasitələrinin köməyi ilə mükəmməl bir şəkildə təqdim edilir. Daim hikmətamiz ifadələrə yol verən şair həyat ilə zaman arasındakı gerçəkliyin açılmasına, yol gəldiyimiz ömür qatarının taleyimizə saldığı izlərin mahiyyət və dəyərinə diqqəti yönəldərək, fəlsəfi düşüncələrin reallığını məhz yaşanmış illərdə axtarmağa çalışmışdır. Demək olar ki, şair müdrik bir şəkildə bu və ya digər fikirlərin həllində bədii yükün gücü ilə yaradıcılıq təxəyyülünü və qəlbinin diqtəsini məhz bu qapalı qalmış məsələlərin açılmasına yönəltmişdir.
Şair daim torpaq həsrəti ilə yaşayaraq, mövcud olan vəziyyətin ab-havasını poeziyasında əks etdirərək, erməni təcavüzü nəticəsində işğal altında olan torpaqlarımızın qaytarılması və qaçqın, köçkün olmuş insanların doğma el-obasında məskunlaşmasına ürək ağrısı ilə yanaşaraq, çözülməsi müşkülə çevrilən məsələlərə münasibət bildirmişdir. Dağlıq Qarabağımızın ətraf rayonları ilə birlikdə rus imperiyası qoşunlarının köməyi ilə Ermənistan tərəfində işğal edilmiş ərazilərlə bağlı BMT-nin məlum qətnaməsinə məhəl qoymayan dünya birliyinin susmasına biganə qalmayıb, "Orda çalarıq" adlı şeirini nəzmə çəkmişdir.

Süngüyə keçirildi körpə balalar,
Tari-mar edildi evlər, qalalar,
- deyən şair Şuşa, Laçın, Ağdam, Kəlbəcər kimi torpaqlarımızın düşmən əlinə keçməsinə göz yuma bilmir:
Üzeyir, Nəvvablar sizi gözləyir,
Natəvan, Zakirlər daim izləyir,
Yağılar gülüşlə bizi bəzəyir,
Düşməni məhv edib, qanını için,
Onları ələf tək doğrayın, biçin.

Şair mübariz ruhlu misraları ilə vətən övladlarını öz torpaqları uğrunda döyüşə səsləyir. Məğrurluq, qürur vətən torpağı uğrunda şəhid olmaq Azərbaycan övladının həyat meyarı, onun keyfiyyətləridir. Bu baxımdan, şair onlarda olan ali hisslərin məhz vətən yolunda daim ayıq olmasını tövsiyə edərək, vətəndən ülvi, müqəddəs bir hissin insan üçün olmadığını söyləyir. Şairin Mikayıl Müşfiqin yubileyinə, eləcə də, Məmməd Arazın, Səməd Vurğunun şeirlərinə nəzirələri, Şıxəli Qurbanovun, Ziya Bünyadovun xatirələrinə ithafları və onlarla belə əsərləri kitaba bir zənginlik, yaradıcılığına orijinallıq bəxş etmişdir. Şairin hikmətamiz fikirləri də yeni nəşrlərdə yer almışdır.

Özgənin malına göz dikən insan,
İnsan cildində şeytandı-şeytan,
Şeytandan gözləmə sən xoş bir məram,
Bil ki, yedikləri haramdır-haram.

Bu və ya digər fikirləri ilə şair insanları maariflənməyə, pis əməllərdən uzaqlaşmağa, öz nəfsinə sahib olmağa çağırır. Şairin yaradıcılıq yolu şaxəli, maraqlı və məxsusi xətt üzərində davam etməkdədir.

Digər xəbərlər