PDF Oxu

Mədəniyyət

  • 8

İ.Ştrausun “Düyməcik” baleti tamaşasına ictimai baxış keçirildi

İ.Ştrausun “Düyməcik” baleti tamaşasına ictimai baxış keçirildi
Bir neçə gün öncə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı özünün növbəti - say etibarilə 101-ci mövsümünə başlamışdır. Çox önəmlidir ki, elə mövsümün başlanğıcında Teatrın yaradıcı kollektivi tamaşaçılarını premyeraya dəvət etməyə hazırlaşır. Sentyabrın 27-də teatrda mövsümün ilk premyerası "Düyməcik" uşaq baletinin tamaşası baş çatacaqdır.
Məlum olduğu kimi, 2009-cu il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Uşaq İli elan edilmişdir. Uşaq İli çərçivəsində ilin əvvəlindən bəri bütün ölkədə "yaxşı nə varsa, gələcəyimiz olan uşaqlara bəxş edək" şüarı altında bir çox maraqlı layihələr, rəngarəng tədbirlər həyata keçirilməkdədir. Opera və Balet Teatrı da Prezident sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə böyük həvəslə qoşulmuşdur. Opera və Balet Teatrı hər zaman öz repertuarına kiçik yaşlı tamaşaçılar üçün zəngin və baxımlı uşaq tamaşaları daxil etməyə böyük önəm verir. Hazırda teatrın repertuarında L.Vaynşteynin "Çəkməli pişik", "Zoluşka" operaları, P.Çaykovskinin "Şelkunçik" baleti və bir neçə bundan öncə səhnəyə qoyulan N.Əliverdibəyovun "Cırtdan" uşaq operasının tamaşası mühüm yer tutur. Adıçəkilən tamaşalardan hər biri uşaqlar tərəfindən çox böyük maraqla qarşılanır və hər zaman anşlaqla keçir.
Dünən Opera və Balet Teatrında Uşaq İli çərçivəsində Opera və Balet Teatrının növbəti layihəsi "Düyməcik" baletinin tamaşasına ictimai baxış keçirildi. "Düyməcik" dünya şöhrətli Avstriya bəstəkarı İohann Ştrausun musiqisi və görkəmli nağılçı Hans Xristian Andersonun nağılları əsasında səhnəyə qoyulmuşdur. Balet quşlar və çiçəklər aləmindəki möcüzəli çiçəkdən həyata göz açan balaca qızcığaz Düyməciyin həyatından bəhs edir. Tamaşa uşaqlarda xeyirxahlıq, mərhəmət, cəsarət, məhəbbət, inam kimi müsbət keyfiyyətlər tərbiyə edir, eyni zamanda, onlara yer üzərində şər qüvvələrin, satqınlar, yaltaqlar, qorxaqlar və s. olduğunu göstərir.
"Düyməcik" dünyalarca şöhrətli nağılçının quşlar və çiçəklər aləmindəki möcüzəli çiçəkdən həyata göz açan balaca qızcığaz haqqında qələmə aldığı maraqlı bir nağıldır. Lakin göründüyü kimi, dünya təkcə gözəl çiçəklərdən ibarət deyildir, dünyada həmçinin qurbağa, siçan və böcəklər də yaşayır - Yer üzərində zərif bahar, bolluq, istilik və işıq bəxş edən yay fəsli ilə yanaşı, həm də yağışlı payız, buz kimi külək və soyuq qış da mövcuddur.
Çayın axarının çiçək yarpağının üzərində axıdaraq doğma yerlərdən uzaqlaşdırdığı Düyməcik yad diyarda onu bir pendir parçası müqabilində köstəbəyə ərə vermək istəyən qurbağalar, qorxulu böcəklər, boz siçanlarla qarşılaşır.
Çiçək kimi balaca, zərif və cazibədar Düyməcik çox şeylər görüb öyrənir. Bu kiçicik varlıq xeyirxahlıq, mərhəmət, cəsurluq, gözəl gələcəyə olan ümid kimi müsbət keyfiyyətlərə malikdir və o, həqiqətən də, xoşbəxt həyata qovuşur. Xeyirxah Düyməcik qaranquşu şaxta və tufandan xilas edir və elə qaranquş da Düyməciyə xeyirxahlıqla cavab verərək, ona yardım edir. O, Düyməciyi məhəbbət, işıq, istilik və mərhəmətlə zəngin olan sehirli dünyaya - pərilər aləminə aparır. Düyməcik bu dünyada özünü çox xoşbəxt hiss edir və həmişəlik həmin dünyanın sakininə çevrilir.
"Düyməcik" baleti Opera və Balet Teatrı ilə Bakı Xoreoqrafiya Məktəbinin birgə layihəsidir. Belə ki, tamaşada teatrın balet truppasının sənətçiləri ilə birlikdə həm də Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri də çıxış edirlər.
Tamaşanın quruluşunun yüksək səviyyədə həyata keçirilməsinə böyük önəm verən Opera və Balet Teatrının rəhbərliyi quruluşu həyata keçirmək üçün rusiyalı xoreoqrof .Liva Sabitovanı dəvət etmişdir. Rusiyanın xalq artisti L.Sabitova təkcə Rusiyada deyil, bu ölkənin hüdudlarından kənarda bir sıra mötəbər opera və balet teatrlarının səhnələrində yüksək səviyyəli tamaşalara quruluş vermişdir. Quruluşla artıq tanış olan balet mütəxəssisləri onun çox maraqlı olduğunu tamaşaçılar tərəfindən bəyəniləcəyini əminliklə bildiriblər.
Tamaşanın musiqi rəhbəri və dirijoru isə teatrın baş dirijoru, respublikanın xalq artisti, professor Cavanşir Cəfərovdur. Dahi Ştrausun gözəl musiqisinin professional səviyyədə səslənməsinə Cavanşir Cəfərov və onun idarə etdiyi simfonik orkestr böyük əmək sərf etmişdir. Hər zaman öz tamaşalarının yüksək bədii səviyyəsinə önəm verən Opera və Balet Teatrının rəhbərliyi yeni tamaşanın səhnə tərtibatı və kostyum eskizlərini hazırlamaq üçün Rusiya Akademik Böyük Teatrının rəssamı Dmitri Çerbadjini dəvət etmişdir. Böyük Teatrda hir çox tamaşaların bədii tərtibatını həyata keçirən D.Çerbadji "Düyməcik" baleti üçün son dərəcə zəngin, rəngarəng və gözəl dekorasiya və kostyum eskizləri hazırlamışdır. Qeyd etmək lazımdır ki. bu, rusiyalı rəssamın Azərbaycan Opera və Balet Teatında artıq ikinci işidir. Bir il bundan əvvəl səhnəyə qoyulan "Yeddi gözəl" baletinin quruluşçu rəssamı da D.Çerbadjdir.
Yeni balet taşasında teatrın balet truppasının əksər solistləri iştirak edirlər. Düyməcik Şahzadə rolunda əməkdar artist Kamilla Hüseynova, Pərilər şahzadəsi rolunda əməkdar artist Gülağası .Mirzəyeav çıxış edirlər. Əməkdar artistlər Yuri Lobaçov, İslam İslamov, Samir Səmədov, Alsu Qimadiyeva, Rima İsgəndərova, Yelena Skomoroşenko və başqaları əsas rollarda çıxış edirlər.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Uşaq İli çərçivəsində yüksək bədii səviyyədə səhnəyə qoyduğu bu balet tamaşası uşaqların bədii-estetik zövqünün formalaşması, onların sağlam ruhda böyüməsi, hələ uşaq yaşlarından akademik sənətə maraq və məhəbbət hissi aşılamağa xidmət edir. "Düyməcik" yəqin ki, hələ uzun illər Opera və Balet Teatrının repertuarında önəmli yer tutacaq və kiçik tamaşaçılara sevinc bəxş edəcək.

Digər xəbərlər