PDF Oxu

Mədəniyyət

  • 9

“Rus dilinin tədrisi metodikası” mövzusunda dəyirmi masa keçirilib

“Rus dilinin tədrisi metodikası” mövzusunda dəyirmi masa keçirilib
Lənkəran Dövlət Universitetinin mətbuat və informasiya xidmətindən qəzetimizə verilən məlumata istinadən, Lənkəran Dövlət Universitetində "Rus dilinin tədrisi metodikası" mövzusunda dəyirmi masa keçirilib. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Lənkəran Dövlət Universitetinin birgə keçirdikləri tədbirdə cənub bölgəsi rayonlarının icra hakimiyyəti orqanlarının, təhsil işçilərinin nümayəndələri, məktəblərin rus dili müəllimləri iştirak ediblər.
Dəyirmi masanı Lənkəran Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açmış, tədbirin məqsəd və vəzifələrini açıqlayaraq, qonaqları təqdim etmişdir. Rektor sözünə davam edərək bildirmişdir ki, cənub bölgəsində yeganə ali məktəb olan Lənkəran Dövlət Universiteti müxtəlif xarici ölkələrin ali təhsil müəssisələri, o cümlədən Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, Həştərxan Dövlət Universiteti, Dağıstan Dövlət Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Kursk Dövlət Texniki Universiteti ilə təhsil, elm və mədəniyyət sahəsində sıx əməkdaşlıq edir.
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin birinci katibi, filologiya elmləri doktoru, professor Ənvər Şeyxov tədbirin əhəmiyyətindən, rus dilinin tədrisi metodikası ilə bağlı məsələlərdən, qarşıda duran vəzifələrdən danışmışdır.
A.S.Puşkin adına "Rusiya kitab nəşriyyatı"nın rus dili və beynəlxalq mədəniyyət əlaqələrinin kafedra müdiri, filologiya elmləri doktoru, professor V.İ.Annuskin, Sankt-Peterburq Konservatoriyasının professoru, pedaqoji elmlər namizədi Q.Q.Malışev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kafedra müdiri, pedaqoji elmlər doktoru, dosent İ.B.Avdeyev, "Zlatoust" kitab nəşriyyatının nümayəndəsi T.Paket, "Rus dili. Kurslar" kitab nəşriyyatının şöbə müdiri, filologiya elmlər namizədi N.O.Kozina nitq və natiqlik mədəniyyətindən, rus dilinin qeyri-ana dili kimi tədrisinin bəzi optimal məsələlərindən, şagirdlərin koqnitiv üsulu ilə tədris kursunun qurulması yollarından, tədrisin metodikasında müasir tendensiyalar və onların Rusiya kitab nəşriyyatlarının dərs vəsaitlərində necə istifadə edilməsi yollarından danışmış və sualları cavablandırmışdır.
Tədbirin ikinci günündə tanınmış rus dili mütəxəssislərinin iştirakı ilə nümunəvi dərslər keçirilmişdir.
Dəyirmi masa arxasında çıxış edənlər tədbirin əhəmiyyətini yüksək qiymətləndirmiş və məktəblərdə rus dilinin öyrənilməsinə diqqətin daha da artırılmasının zəruriliyindən danışmışlar.
Tədbirdən sonra Rusiya nəşriyyatlarında çap olunmuş ədəbiyyatlardan Kitab Sərgisi açılmışdır.

Digər xəbərlər