XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının qalibləri mükafatlandırıldı
2009-cu ilin Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı hazırlanmış tədbirlər planına əsasən, keçirilən XI "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalına yekun vuruldu. Əyləncə Mərkəzində təşkil olunmuş mükafatlandırma mərasimində festivalın keçirilməsində göstərdikləri köməyə görə müvafiq qurumlara minnətdarlıq bildirildi.
Bir həftəlik festival çərçivəsində Azərbaycanla yanaşı, Rusiya, Estoniya, Polşa, Bolqarıstan, İran, Almaniya, Fransa, Türkiyə, İsrail, İspaniya, Belçika, Hollandiya və Bolqarıstandan olan kinematoqrafçılar da öz filmlərini nümayiş etdirdilər. Bununla yanaşı, beynəlxalq tədbirin iştirakçıları son iki ildə MDB və Baltikyanı ölkələrdə istehsal edilən, habelə, müxtəlif festivallarda uğur qazanan filmlərlə də tanış oldular. Bu il "Şərq-Qərb" festivalında ənənəvi olaraq Avrasiya ölkələrində istehsal edilən, özünə kifayət qədər kinematoqrafiya ictimaiyyəti cəlb etmiş, beynəlxalq festivallarda iştirak etmiş yeni ekran əsərlərinin panoramı təqdim edilib. Builki festivalın əsas fərqli cəhəti ondan ibarətdir ki, 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar burada müsəlman ölkələrinin filmləri nümayiş etdirilib.
Tədbirdə vurğulanıb ki, "Müsəlman mistisizmi və onun dünya mədəniyyətinə təsiri" mövzusunda keçirilən dəyirmi masa festival iştirakçılarını və tamaşaçıları öz ətrafına toplamışdır. Tanınmış çex kinematoqrafı, "Qızıl qlobus" mükafatı laureatı, ssenariçi və prodüser Yan Sverakın "Sürmə", "Kolya" və "Netçciklər" filmlərinin retrospektivinin nümayişi festivalın əlamətdar hadisəsi olmuşdur. Bununla yanaşı, çex rejissoru Zdenek Troşkanın "Ən gözəl tapmaca" film-nağılının premyerası keçirilmiş, Aleksandra Kremer-Xomasuridzenin fotosərgisi təşkil edilib. Gecədə bir həftə ərzində nümayiş etdirilmiş filmlərin siyahısı yenidən diqqətə çatdırılıb. Sonra müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqələrin qaliblərinə mükafatlar və hədiyyələr təqdim olunub. Münsiflərin böyük rəğbətlə seçib-bəyəndiyi filmlər sırasında azərbaycanlı rejissor Elçin Musaoğlunun "Qırxıncı qapı" filmi də vardır. Azərbaycana səfərə gəlmiş Çexiya Respublikası Parlamenti Senatının sədri Prşemısl Sobotkan və xanımı Radmila Sobotkan tədbirdə iştirak ediblər.