“Azərbaycan-Belorus və dünya klassiklərinin əsərlərindən ibarət miniatür kitab sərgisi” açılıb
Minskdə "Azərbaycan-Belorus və dünya klassiklərinin əsərlərindən ibarət miniatür kitab sərgisi" açılıb. Sərgi sentyabrın 30-dək davam edəcək.
Belorus Milli Kitabxanasında təşkil olunan sərgidə əvvəl miniatür kitablara baxış keçirilib. Zərifə Salahova qonaqlara rəhbərlik etdiyi Azərbaycan Miniatür Kitab Muzeyinin fəaliyyəti barədə məlumat verib. O bildirib ki, muzeydə 62 ölkədə nəşr olunan 4050 miniatür kitab saxlanılır. Onların arasında ən böyüyünün ölçüsü 100x100 millimetr, ən kiçiyi isə 2x2 millimetrdir. Amma bu sərgidə onlardan 437 kitab nümayiş etdirilir. Burada ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyat və fəaliyyətindən, onların müxtəlif tədbirlərdəki nitqlərindən bəhs edən miniatür kitablar sərgilənir. Sonra Belorus Milli Kitabxanasının direktor müavini T.Kuzminiç qeyd edib ki, dünyada analoqu olmayan belə bir muzeyin mövcudluğu və buradakı kolleksiya, həqiqətən, möcüzədir. O, belə tədbirlərin keçirilməsinin hər iki ölkə arasında mövcud münasibətlərin daha da yaxşılaşmasında böyük rol oynayacağını diqqətə çatdırıb. Daha sonra Zərifə Salahova Belorus milli kitabxanasına erməni vəhşiliyini özündə əks etdirən kitablar və videomateriallar hədiyyə etdi. Sonda Azərbaycan musiqi nömrələri səslənib. Xatırladaq ki, muzeyin kolleksiyası bu günə qədər London, Kabil, Dəkkə, Moskva, Paris, Sidney, Kiyev və digər şəhərlərdə nümayiş etdirilib.