Əhsən Dadaşovun 80 illik yubileyi qeyd olundu
Beynəlxalq musiqi həftəsi çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar artist, unudulmaz tarzən Əhsən Dadaşovun 80 illiyinə həsr edilmiş tədbir keçirildi.Milli Konservatoriyanın rektoru, xalq artisti Səyavuş Kərimi demişdir ki, sevimli müəllimim, Azərbaycan mədəniyyətinin iftixarı, fitri musiqi qabiliyyətinə malik olan görkəmli tarzən Əhsən Dadaşov musiqi tariximizdə şərəfli yer tutur.
1924-cü il sentyabrın 4-də Bakı şəhərində dünyaya göz açan Əhsən Dadaşovun gənclik illəri dahi bəstəkar Üzeyir Hacıbəylinin rəhbərliyi ilə Azərbaycan mədəniyyətində böyük işlərin həyata keçirildiyi bir dövrə düşmüşdür. Belə ki, ötən əsrin 20-ci illərindən Ü.Hacıbəylinin təşəbbüsü ilə milli alətlərimizdə musiqi təhsili, not sisteminin xalq çalğı alətlərimizə tətbiqi, notlu xalq çalğı alətləri orkestrinin yaranması və digər bu kimi faktlar yeni ifaçı nəslinin yetişməsinə güclü təkan vermişdir.
Belə bir şəraitdə sənətin sirlərinə yiyələnməyə can atan Ə.Dadaşov musiqi təhsilini davam etdirmək üçün 1938-ci ildə Bakı musiqi texnikumuna daxil olmuşdur. Onun parlaq istedadı görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun diqqətini cəlb etmişdir. O, gənc tarzəni rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə işə qəbul etmişdir. Bununla da, onun böyük səhnəyə gəlişi başlamışdır. Səid Rüstəmov Ə.Dadaşova xüsusi qayğı göstərərək, bir sənətkar kimi formalaşmasında mühüm rol oynamışdır. Nəticədə o, kollektivin yaradıcı simalarından birinə çevrilmişdir. Onun 40 illik yaradıcılıq fəaliyyətinə nəzər salsaq, görərik ki, Əhsən Dadaşovun hər anı Azərbaycan xalqına, onun musiqisinə xidmətdə keçmişdir. Ustad tarzənin qısa, lakin mənalı ömrünün yaradıcılıq dövrünü solist, müşayiətçi, orkestr ifaçısı, ansambl rəhbəri, bəstəçi, pedaqoq kimi mərhələlərə bölmək olar.
Tədbirdə qeyd olundu ki, ustad tarzən heç vaxt özündən əvvəlki ifaçıları təkrarlamayıb, ifa etdiyi kiçik bir musiqi parçasına da yaradıcı yanaşardı. Odur ki, onun çalğısı ilk mizrabdan tanınırdı. Əhsən Dadaşov bəstəkar qəlbli sənətkar idi. O, musiqi folklorumuzu zənginləşdirən bir çox rəng, mahnı və rəqs havaları bəstələmişdi. "Rahab", "Şur", "Rast", "Humayun", "Segah" rəngləri bu sıradandır. Onun bəstələdiyi bir çox mahnılar bu gün də dillər əzbəridir. Hazırda mərhum sənətkarın adını daşıyan "Xatirə" xalq çalğı alətləri ansamblının ifasında milli mahnılarımız geniş şəkildə təbliğ edilir.
Əhsən Dadaşovun bir sıra ifaçıların yetişməsində, püxtələşməsində də əvəzsiz xidmətləri olmuşdur.
Gecədə əməkdar incəsənət xadimi, professor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra səsləndi.
Tədbir gənc ifaçıların geniş konsert proqramı ilə davam etdi.