PDF Oxu

Mədəniyyət

  • 6

Niyazinin ev-muzeyinin 15 illiyi qeyd olundu

Niyazinin ev-muzeyinin 15 illiyi qeyd olundu
Niyazinin ev-muzeyinin 15 illiyinə və Hacıbəylilər nəslinin tanınmış nümayəndələrindən biri, əməkdar incəsənət xadimi, bəstəkar Zülfüqar Hacıbəyovun anadan olmasının 125 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq, böyük sənətkarımız Niyazinin 15 il bundan əvvəl yaradılmış ev-muzeyində son illərdə keçirilmiş maraqlı tədbirlər haqqında məlumat verdi. Muzeyi ziyarət edən hər kəs burada Azərbaycanın dahi sənətkarı Niyazinin ömür yolu, sənətkarlığı ilə bağlı ətraflı məlumat əldə edə bilər.
Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri, xalq artisti Firəngiz Əlizadə Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığının bəzi məqamlarına diqqəti yönəldərək bəstəkarın əsərlərinin sadəliyinə, aydınlığına görə fərqliliyinini qeyd etdi. 1915-ci ildə yazdığı "Aşıq Qərib" operasında musiqi folklorumuzla Avropa musiqisini əlaqələndirən bəstəkar öz librettoları əsasında yazdığı "Əlli yaşında cavan", "Varlı", "Evliykən subay" musiqili komediyalarında məişətimizdəki eybəcərlikləri, qadın hüquqsuzluğunu ifşa etmiş, dövrünün haqsızlıqlarını açıb göstərmişdir.
Zülfüqar Hacıbəyovun qədim məhəbbət dastanı əsasında yazdığı "Aşıq Qərib" operası zaman-zaman yeni nəsil opera müğənnilərinin yetişməsində böyük rol oynamışdır. Bu əsər uzun illərdən bəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında oynanılmışdır. Daim axtarışda olan Zülfüqar Hacıbəyov Niyazi ilə birgə ilk səsli Azərbaycan bədii filmlərindən olan "Almaz" filminin musiqisini yazmışdır.
Firəngiz Əlizadə muzeyə müəllifi olduğu "Şərqlə Qərbin qovuşduğu məkan" kitabını təqdim etdi.
Tədbirdə ulu öndər Heydər Əliyevin muzeyin açılışında iştirakını əks etdirən videosüjet və 15 illik fəaliyyətə həsr olunmuş videofilm nümayiş etdirildi. Tədbirdə Niyazinin "Rast" simfonik muğamından, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operasından parçalar və digər musiqi əsərləri səsləndirildi.
Qeyd edək ki, 2009-cu il Bakının İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq, sentyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Zülfüqar Hacıbəyovun 125 illik yubileyi münasibətilə "Aşıq Qərib" operasının tamaşası təqdim olunacaq.

Digər xəbərlər