Hüseyn Cavidin Ev-Muzeyi diplomla təltif olunub
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 10-12-də Bakı şəhərində Beynəlxalq Kitab Sərgisi keçirildi. AMEA Hüseyn Cavidin Ev-Muzeyi bu sərgidə fəal iştirak edərək 17 adda kitab nümayiş etdirmişdir. Sərgidə Hüseyn Cavidin 5 cildlik külliyyatı, "Hüseyn Cavidin həyat və sənət yolu" adlı biblioqrafik göstərici, Hüseyn Cavidin əsərlərinin rus dilinə tərcümə olunmuş 2 cildlik toplusu, şairin fransız dilinə tərcümə olunmuş "Məhəbbətdir ən böyük din" adlı şeirlər kitabı, Naxçıvanda Hüseyn Cavid məqbərəsinin açılış mərasiminə həsr olunmuş "Hüseyn Cavid. Naxçıvan", ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin möhtəşəm məqbərəsinin açılış mərasimində iştirak etməsinə həsr olunmuş "Ömrün üç günü. Naxçıvan 29-31 oktyabr 1996-cı il" adlı kitablar, "Cavid hikməti" seçmə aforizmləri, çoxcildli "Cavidşünaslıq tədqiqatlar toplusu"nun dörd cildi və digər kitablar nümayiş olunmuşdur.
Sərgidə, həmçinin, Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin 90 illik yubileyi münasibətilə onun musiqilərindən ibarət hazırlamış CD və DVD-lər də nümayiş etdirilmişdir.
Sərgidə nümayiş olunan "Cavid hikməti" kitabı, Ərtoğrul Cavidin musiqiləri, xarici dillərə tərcümə olunmuş kitablar iştirakçılarda daha çox maraq oyatmışdır.
Tədbirdə H.Cavidin Ev-Muzeyi tərəfindən hazırlanmış hədiyyə paketləri tədbirin təşkilatçılarına və xaricdən gələn qonaqlara təqdim olunmuş, Bakı şəhəri Musiqi Məktəbinin müəllimlərinə, musiqişünaslara isə Ərtoğrul Cavidin musiqi notları hədiyyə edilmişdir.
AMEA Hüseyn Cavidin Ev-Muzeyi zəngin əsərlərin nümayişinə, eləcə də Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirakına görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplomla təltif olunub.