PDF Oxu

Mədəniyyət

  • 8

“Vətən düşüb yadıma”

“Vətən düşüb yadıma”

Azərbaycan poeziyasında yaradıcılıq təxəyyülü ilə həyat fəlsəfsini birləşdirib, insan psixologiyasının incəliklərini və onun mənəvi gözəlliyini məhz nəzmə çəkdiyi misraları ilə işıqlandıran qələm sahiblərimiz, əsrlərdir ki, xalqın dərdi-sərini qələmə alaraq, bu aləmdə məxsusi söz xəzinələrini yaradırlar.
Müasir və klassik ədəbiyyat nümunələrimizə diqqət etsək, görərik ki, bu yoldan ötən karvanların fikir yükünün fəlsəfiliyi insan düşüncəsinə müsbət təsirini göstərir. Çağdaş poeziyamızda Hacı Mirhəsən Hadinin də söz dünyasında yeri var. Bu yaxınlar şairin "Adiloğlu" nəşriyyatı tərəfindən çapdan çıxan "Vətən düşüb yadıma" kitabı məhz onun fərdi cizgilərini büruzə verən bir nümunədir. Kitaba ön söz yazan fəlsəfə elmlər namizədi Davud Dəmirli şairin keçdiyi ömür yolunun cizgilərini həssaslıqla diqqətə çatdırır. "Qızıl qələm", "Vətən", "Hacı Zeynalabdin Tağıyev", "İnam, İzzət və İltifat", "Abdulla Şaiq", "Nəriman Nərimanov" və bir çox mükafatların daşıyıcısı olan Hacı Mirhəsən Hadi bu günə qədər bir çox kitabların müəllifi kimi tanınmışdır. "Dünyanın sahibi var", "Acı həqiqətlər" şeirlər kitabı oxucular tərəfindən maraqla qarşılanmışdır. Şairin həyat və fəaliyyətini əks etdirən "İlahi eşqin pərvanəsi" film-portreti də onun ömür yolunun cığırlarını əks etdirir. O, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.
Son illərdə respublikamızda baş verən ictimai-siyasi proseslər, erməni təcavüzkarlarının torpaqlarımızı işğal etməsi onun da həyatından yan ötməmiş, məcburiyyət qarşısında doğulub boya-başa çatdığı el-obadan ayrı düşmüşdür. "Doğma yurdu, bol bəhrəli Gülüstan bağını, zəngin kitabxanasını, firəvan növrağını, axar-baxarlı Həkəri-Bərgüşadını itirən Hacı Mirhəsən Hadi illərdən bəri didərginlik dövrünü, maddi və mənəvi əzablarını qəriblikdə, əsarətdə qalan doğma vətən həsrətinin intizarını yaşamaqla öz kövrək duyğularını qələmə almışdır". Şairin "Vətən düşüb yadıma" şeirlər kitabına daxil olan əsərlərin hər biri vətən, insan, ilahi eşqin fəlsəfəsindən yoğrulmuş parçalardır. Onun həyat yaşantıları, rast gəldiyi məqamlar, vətən həsrətinin ağrısı kitabda öz əksini tapmışdır:

Eşqim, həvəsim sevgili
dağlarda qalıbdır,
Könlüm quşu bülbül
kimi bağlarda qalıbdır.
Çoxdandı gülüb, şənlənə
bilmir, nə qəsdi.
Ağlar ürəyim ağrıdan,
ağlar da qalıbdır.

- deyən şair daxilində vətən həsrətini gəzdirdiyini və bütövlükdə vətənə olan bağlılığını göstərir.
Dünya, onun yaranışı və kainatda baş verən hadisələri süzgəcindən keçirən şair bu fəlsəfi aləmin mahiyyətini və bu maddi aləmdə yaşayan varlıqların bir fərd olaraq özlərini tapa bilməsindən, ömür karvanının heç kəslə hesablaşmadan ötməsindən söz açaraq, misraların fikir yükünün dərin məna qatında onu narahat edən suallarına cavab axtarır:

Bir borcum var can adında,
Özgə ta, nə bilim, dünya?
Keçdi quşlar qanadında,
Keçdi ayım-ilim dünya.

Müxtəlif janrlara müraciət edən şair təcnis, qəzəl, qoşma, bayatı və s. şeir növlərində fikirlərinin yığcamlığı ilə söz ustadı olmağa çalışmış və sözün kəsb etdiyi mənanın böyüklüyünü dərk etdiyindən bundan ehtiyatla istifadə etməyə cəhd göstərmişdir. Qeyd edim ki, şairin yaradıcılığına daxil olan şeir parçalarının hər biri janr müxtəlifliyi ilə yanaşı, mövzu müxtəlifliyindən də fərqlidir. Kitaba daxil olan "Aparın dağlara məni", "Hayıf bu dünyaya", "Qarabağ şikəstəsi", "Bənövşə", "Dünya yaman gözdən düşüb", "Gördüm" nümunələri ilə yanaşı "Məhəmməd" poeması da diqqəti cəlb edir:

Qızıl dan yerini
sökmüşdü zülmət,
Hər şeyi qaraya
bükmüşdü zülmət,
Haqq görən gözlərə
çökmüşdü zülmət,
Sönmüşdü çırağı,
şamı dünyanın.

- deyən şair çox da uzaq olmayan illərin bədii təsvirini yaradaraq əsərin məzmunun açılmasına doğru qələmini işlədir. Poemada Azərbaycanın tanınmış çekist oğlu Məhəmməd Abbasoğlunun insani dəyərlərindən, vətənə bağlılığından, aydın və işıqlı zəkasından danışaraq, onun amalı yolunda dünyasını dəyişdiyini göstərir. Azərbaycan övladının həyat eşqindən, arzularından söz açan şair nə yazıq ki, belə insanların başkəsən cəlladların güdazına getdiyini göstərərək, cinayət başında duranların məhz belə şəxsiyyətləri qəbul etməməsindən və sovet şurası qurulduqdan sonra ölkənin sayseçmə, vüqarlı, elmi biliyi, yüksək dəyərləri ilə seçilənlərin aqibətini məhz qələmə aldığı poemada bir şəxsin timsalında ümumiləşdirilmiş şəkildə oxucusuna təqdim edir. Kitaba daxil olan hər bir əsərdə şairin orijinallığı, özünəməxsus dünyagörüşü, fərdi cizgiləri, şəxsi keyfiyyətləri diqqəti cəlb edir və belə bir dəyərlər üzərində qurulmuş kitab oxucuların məhəbbətini qazanacaqdır.
Qeyd edim ki, Hacı Mirhəsən Hadi Məhəmməd peyğəmbərin (s.ə.a) son dövrə qədər məlum olmayan kəlamlarını bir araya toplayaraq, oxucuların ixtiyarına vermişdir. L.N.Tolstoy tərəfindən toplanılan bu nümunələrin hər birində Məhəmməd peyğəmbərin (s.ə.a) müdrik kəlamları əksini tapmışdır. Bildiyimiz kimi, peyğəmbərin (s.ə.a) dörd minədək kəlamı mövcuddur. Bunlardan üç mini bizə məlumdur. Bu günə qədər məlum olmayan kəlamlarla Hindistanda tanış olan L.N.Tolstoy onları seçib, 1909-cu ildə Moskvanın "Pasrednik" nəşriyyatında çap etdirmişdir. Həmin kəlamları Azərbaycan dilində çap etdirməyi özünə borc bilən Hacı Mirhəsən Hadi bu kəlamlarla mənəvi dünyamızı daha da zənginləşdirmişdir.

Digər xəbərlər