PDF Oxu

Mədəniyyət

  • 6

Qarabağ problemi geosiyasət mövqeyindən: analitik rakurs

Qarabağ problemi geosiyasət mövqeyindən: analitik rakurs
Sankt-Peterburqda, Gertsen adına Universitetin nəzdində fəaliyyət göstərən "Knijnıy dom" nəşriyyatında azərbaycanlı tədqiqatçı-jurnalist Musa Mərcanlının "Qarabağ problemi geosiyasət mövqeyindən: analitik rakurs" adlı kitabı çapdan çıxmışdır. Erməni tarixçilərin və tədqiqatçıların öz "əsərlərində" münaqişənin tarixini kütləvi şəkildə saxtalaşdırmasını nəzərə alsaq, həmvətənimizin tədqiqat işinin aktuallığı, Rusiyada nəşr edilmiş bu kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi probleminə arxiv materiallarına əsaslanan obyektiv münasibət çox böyük əhəmiyyət kəsb edir. Nəşrin hazırlanmasında xüsusi ədəbiyyatla yanaşı, Azərbaycan və erməni ekspertlərinin analitik icmallarından da istifadə edilmişdir. "Qarabağ probleminin keçmişinə ekskurs", "Azərbaycan Milli Şurasının iclasının 3 nömrəli protokolu", "Qarabağ probleminin sovet və postsovet dövrləri", "Qarabağ probleminə iki yerli baxış" və "Problemə üçüncü baxış: Qarabağ münaqişəsi geosiyasət güzgüsündə" fəsillərində müəllif Qarabağ münaqişəsinin real vəziyyətinə və onun tənzimlənməsi perspektivlərinə obyektiv mövqedən yanaşmağı təklif edir. Kitabda Azərbaycan torpağında, Qafqazda erməni anklavının yaranması tarixi, habelə, bütün qarşıdurma dövründə Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe təsvir edilir. M.Mərcanlı problemi təfsilatı ilə təhlil edərək bu qənaətə gəlir ki, Qarabağ münaqişəsi geosiyasi xarakter kəsb etmiş və Qafqazda, habelə, onun ətrafında qarşıdurma vəziyyətində olan korporativ qruplaşmaların formalaşmasına şərait yaratmışdır. M.Mərcanlı yazır: "Bu gün şübhə yoxdur ki, münaqişə, Avrasiyada yeni geosiyasətdə mərkəzi rol oynayır və Qafqazın, ümumiyyətlə, Orta Şərqin regional təhlükəsizliyi üçün getdikcə artan təhdid mənbəyidir". Qeyd etmək lazımdır ki, uzun illər boyu bu problemlə məşğul olan Musa Mərcanlı obyektiv reallıqları xarici oxucuların nəzərinə çatdıran fəal ictimai xadimdir. M.Mərcanlının rəhbərlik etdiyi, Moskvada nəşr edilən beynəlxalq "İRS-Naslediye" jurnalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi mövzusunda materiallar müntəzəm dərc edilir. Təkcə bu faktı xatırlamaq kifayətdir ki, jurnalın bir neçə xüsusi tematik buraxılışı bütünlüklə Azərbaycanın incisi sayılan Dağlıq Qarabağa həsr edilib.

Digər xəbərlər