Qədim yaşayış yerində aparılan qazıntı işlərinin nəticələrinə dair tədbir keçirilib
AMEA Naxçıvan Bölməsində Şərur rayonu ərazisində yerləşən Oğlanqala və Ovçulartəpəsi qədim yaşayış yerində aparılan qazıntı işlərinin nəticələrinə dair tədbir keçirilib. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası rəhbərliyinin diqqət və qayğısı sayəsində həmyerlilərimizlə yanaşı, bir sıra ölkə mütəxəssislərinin də iştirakı ilə son illər bölgənin müxtəlif ərazilərində həyata keçirilən ekspedisiya işlərinin əhəmiyyətindən danışıb.
Muxtar respublika ərazisində son illər aparılan ekspedisiya işlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bir sıra kitab, monoqrafiya və məqalələrin yazıldığını söyləyən akademik AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə həyata keçirilən Ovçulartəpəsi və Oğlanqalada aparılan tədqiqatlar zamanı çoxlu sayda maddi-mədəniyyət nümunələrinin aşkar edildiyini bildirib. Duzdağ ərazisi, Xələc, Meydantəpə, Fərhad evi, Xaraba Gilan, Şahtaxtı və digər qədim yaşayış yerlərində də ekspedisiyaların aparıldığını söyləyən İ.Hacıyev aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin əksəriyyətinin bölmənin nəzdində fəaliyyət göstərən muzeyin fonduna daxil olunduğunu qeyd edib.
Tədbirdə çıxış edən Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Katerina Marro Naxçıvanın tarixi yerləri və abidələrinin zənginliyindən bəhs edib. O, 4 ildir ki Naxçıvanda ekspedisiyalarda işlədiyini və mühüm nəticələrin əldə olunduğunu bildirib.
Sonda Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev arxeoloji işlərin ümumi nəticələri haqqında ətraflı məlumat verib.