“Mədəniyyət kataloqu”nun 2-ci nömrəsinin təqdimat mərasimi keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində keçirilən Birinci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində sentyabrın 12-də "Mədəniyyət kataloqu"nun 2-ci nömrəsinin təqdimat mərasimi keçirilib.
Üç dildə nəfis tətribatla, yüksək poliqrafik keyfiyyətlə nəşr olunan bu kataloqda Prezident İlham Əliyevin Beynəlxalq Muğam Mərkəzinin açılışında iştirakını, mədəniyyət və incəsənət sahəsində çalışan insanlara qayğısını əks etdirən məqalələr yer almışdır.
Nəşrin məsləhətçisi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, layihənin direktoru və baş redaktoru Leyla Əfəndiyevadır.
Mərasimi giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu kataloqun Azərbaycanın mədəni həyatındakı əhəmiyyətli rolundan danışıb. Kataloqda ölkəmizdə keçirilən mədəniyyət günləri, simpoziumlar, konfranslar, beynəlxalq festivallar, konsertlər, sərgilər və digər mədəniyyət tədbirləri barədə maraqlı məqalələr və şəkillər dərc edilmişdir.
Tədbirdə kataloqun baş redaktoru Leyla Əfəndiyeva, respublika "Kitab" Cəmiyyəti idarə heyətinin sədri Zərifə Salahova, teatrşünas Aydın Talıbzadə və başqaları çıxış edərək nəşrin yüksək poliqrafik keyfiyyətindən danışmış, onun Azərbaycan mədəniyyətinin təbliği baxımından əvəzsiz bir mənbə olduğunu söyləyiblər.
Tədbirdə qeyd edilib ki, oxucular bu nəşr vasitəsilə Azərbaycan mədəniyyəti, xalqımızın tanınmış sənət adamları, ölkəmizdə keçirilən silsilə mədəniyyət tədbirləri barədə olduqca geniş məlumat əldə edə biləcəklər.