“Koroğlu” operası dünyanın 100 böyük əsərləri sırasındadır
A.Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında TÜRKSOY-un dəstəyi ilə bu qurumun yaradılmasının 15-ci ildönümü ilə əlaqədar Üzeyir Hacıbəylinin "Koroğlu" operasının təqdimatı keçirilib. Türk dünyası üçün mühüm əhəmiyyət daşıyan bu böyük mədəni tədbirdə Qırğızıstan baş nazirinin müavini U.Abdullayeva, ölkənin mədəniyyət və informasiya naziri S.Rayev, TÜRKSOY-un baş katibi D.Kaseinov və digər rəsmi şəxslər, səfirlər, o cümlədən, Azərbaycanın Bişkekdəki səfirliyinin əməkdaşları, diasporumuzun nümayəndələri, Qırğızıstanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Bişkekin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, jurnalistlər iştirak ediblər. Tamaşanın rejissoru Türkiyədə işləyən soydaşımız Əflatun Nemətzadədir. Tamaşaya Azərbaycan, Türkiyə, Qazaxıstan və Tatarıstandan da solistlər dəvət olunmuşlar. Dünyanın 100 böyük operası sırasına düşən "Koroğlu"nun Bişkek teatrında oynanılması ölkənin mədəni həyatında böyük hadisədir. Bundan sonra da türk dünyasının tanınmış operalarına müraciət olunacaq.