XI “Şərq-Qərb” Beynəlxalq Kino Festivalında “Qırxıncı qapı” nümayiş etdiriləcək
Sentyabrın 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyov, Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov və həmin şöbənin sektor müdiri Yusif Şeyxov bu münasibətlə mətbuat konfransı keçirib.
Festivalın prezidenti Rüstəm İbrahimbəyov tədbirin rəhbərlik etdiyi qurum, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu, MDB və Baltikyanı Ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dəstəyi ilə keçiriləcəyini bildirib. Festivalın coğrafiyasının ildən-ilə genişləndiyini diqqətə çatdıran R.İbrahimbəyov bildirib ki, bu il "Şərq-Qərb" festivalında ənənəvi olaraq Avrasiya ölkələrində istehsal olunmuş, beynəlxalq festivallarda iştirak etmiş yeni ekran əsərləri təqdim ediləcək. Festivalın əvvəlkilərdən əsas fərqi ondadır ki, bu il Bakı şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı XI festivalda müsəlman ölkələrinin filmləri nümayiş etdiriləcək.
İttifaq sədri qeyd etmişdir ki, "Müsəlman mistisizmi və onun dünya mədəniyyətinə təsiri" mövzusunda keçiriləcək "dəyirmi masa" festival iştirakçılarını və tamaşaçıları öz ətrafına toplayacaq. Tanınmış çex kinematoqrafı, "Qızıl qlobus" mükafatı laureatı, ssenarist və prodüser Yan Sverakın "Sürmə", "Kolya" və "Netçilər" filmlərinin retrospektivinin nümayişi festivalın əlamətdar hadisəsi olacaqdır. Bunlarla yanaşı, çex rejissoru Zdenek Troşkanın "Ən gözəl tapmaca" film-nağılının premyerası keçiriləcək, Aleksandra Kremer-Xomasuridzenin foto-sərgisi təşkil ediləcək. Ənənəvi olaraq festivalda "Tamaşaçılara ən humanist göndəriş", "Dünya kinematoqrafındakı xidmətlərinə görə", "Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı rola görə", "Kişilik rəmzini tərənnüm edən ən yaxşı rola görə", "Ən parlaq debüt" nominasiyaları üzrə mükafatlar və hədiyyələr veriləcək.
Festivalda Avropadan rejissor Elemer Raqalyinin "Aman vermədən" (Macarıstan), Yavor Qırdevin "Dzift" (Bolqarıstan), Mixail Kalatozişvilinin "Yabanı çöllük" (Rusiya), Georgi Ovaşvilinin "Başqa sahil" (Gürcüstan-Qazaxıstan), İlmar Raaqın "Sinif" (Estoniya), Nikolay Dostalın "Petya o dünyaya gedən yolda" (Rusiya), Kasya Adamikin "Məskənsizlər stadionu" (Polşa), Yan Sverakın "Şüşəli tara" (Çexiya), Larisa Sadilovanın "Oğulcığaz" (Rusiya) filmləri nümayiş olunacaqdır.
Müsəlman ölkələrindən isə rejissor Elçin Musaoğlunun "Qırxıncı qapı" (Azərbaycan), Rüstəm Abdraşevin "Stalinə hədiyyə" (Qazaxıstan), Rəsul Sədrəməlinin "Hər gecə tənhalıq" (İran), Füruzə Xosrovaninin "Manekenlər" (İran), Əyub Şahobiddinovun "Yurta" (Özbəkistan), Özür Kızıltanın "Takva" (Türkiyə), Filipp Dibin "İtmiş ruhun axtarışında" (Misir), Nurəddin Laxmarinin "Kasaneqra" (Mərakeş) və Fadhel Cəzirinin "Otuzuncular" (Tunis) filmlərinin nümayişi nəzərdə tutulur.
XI "Şərq-Qərb" Bakı Beynəlxalq kino festivalının rəsmi açılışı Heydər Əliyev Sarayında keçiriləcək. Filmlər "Azərbaycan" kinoteatrı və "İbrus" Teatrında nümayiş etdiriləcək.