PDF Oxu

Mədəniyyət

  • 16

Beynəlxalq kitab sərgi-yarmarkasına start veriləcək

Beynəlxalq kitab sərgi-yarmarkasına start veriləcək
Bildiyimiz kimi, son illər Azərbaycan Respublikasında kitab nəşri və poliqrafiya məhsullarının istehsalı sahəsində müəyyən işlər görülmüş, dövlət tərəfindən bu sahənin inkişafına təkan verən işgüzar şərait yaradılmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə 2004-cü ildən başlayaraq kiril əlifbasında çap edilmiş ədəbi, elmi əsərlər latın qrafikasında kütləvi tirajla nəşr edilmiş, təmənnasız olaraq dövlət kitabxanalarında yerləşdirilmişdir.
Azərbaycanda nəşr olunan bədii-poliqrafik baxımdan əhəmiyyətli kitablar dünyanın məşhur beynəlxalq kitab sərgilərində nümayiş etdirilməkdədir. Azərbaycanda kitab nəşri və poliqrafiyanın daha da inkişaf etdirilməsi, nəşr olunmuş gərəkli çap məhsullarına kütləvi marağın təmin edilməsi, xarici ölkələrin nəşriyyatları ilə əlaqələrin qurulması, kitab mübadiləsi, ölkə nəşriyyatlarının satış və təbliğat imkanlarının genişlənməsi Azərbaycanda da beynəlxalq kitab sərgi yarmarkalarının keçirilməsini zərurətə çevirmişdir. Bildiyimiz kimi, bununla əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi Bakıda beynəlxalq kitab sərgi-yarmarkasını keçirməyi nəzərdə tutmuşdur. Sərgi-yarmaka nəhayət, sentyabrın 10-da öz işinə başlayacaq. Nazirlikdən aldığımız məlumata əsasən, açılış mərasimindən bir gün əvvəl stendlər quraşdırılacaq, sərgi salonu tərtib olunacaq. 10 sentyabr sərginin ilk iş günüdür. Təntənəli açılış mərasimində, ilk olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə nəşr edilmiş kitablar təqdim ediləcək. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Ustad sənətkarlar" seriyasından xalq yazıçısı İsa Muğannanın 6 cildlik seçilmiş əsərlərinin təqdimatı olacaq. Həmin gün mətbuat konfransı keçiriləcək. Günün birinci yarısının digər tədbirləri stendlər və toplantılar üçün ayrılmış yerlərdə paralel olaraq davam etdiriləcəkdir. Sərgi-yarmarkada Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" ədəbi mükafatının laureatları ilə görüş keçiriləcək.
Sentyabrın 11-də sərgi öz işini davam etdirəcək. "Azərbaycan qayaüstü incəsənəti" kitabının təqdimatı keçiriləkdir. Mədəniyyət və Turizm Nazirliyinin turizm nəşrlərinin təqdimatı da nəzərdə tutulub. Xalq şairi Zəlimxan Yaqubun Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş "Mən öz dastanımı yazıb gəlmişəm" və "Millətdə, dövlətdə, sənətdə" kitablarının təqdimat mərasimi təşkil olunacaq.
Sərgi işini maraqlı proqramlar əsasında davam etdirəcək. Bütün günü "Müəllif günü"dür. Müəlliflər kitabları çap olunmuş nəşriyyatların stendləri qarşısında oxucularla görüşlər keçirir, avtoqrafla kitab verə bilərlər.
"Mədəniyyət" kataloqunun təqdimat mərasimi də sərgi-yarmarkada baş tutacaq. Eyni zamanda, "Poeziya günü" toplusunun təqdimat mərasimi sərgi-yarmarkada keçiriləcək. Sərginin ən fəal iştirakçısı olan nəşriyyatların Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təltif olunma proqrama daxil edilib. Bağlanış mərasimi isə 11 sentyabr tarixində saat 19.00 -dan 20.00-a qədər olacaq.

Digər xəbərlər