PDF Oxu

Mədəniyyət

  • 13

Bədo suyunun tərkibi öyrənilib

Bədo suyunun tərkibi öyrənilib
İsmayıllı rayonunun Tircan kəndində "Bədo" adlı bulaq var. Böyrək, mədə-bağırsaq və öd kisəsində xəstəliyi olan insanlar köhnəlmiş yumurta iyi verən bu sudan içib şəfa tapır, həmçinin, bu su həzm prosesinə də kömək edir.
AMEA-nın Geologiya İnstitutundan verilən məlumata görə, sözü gedən institut Bədo suyunun tərkibi öyrənilib. Laborator analizin nəticəsindən aydın olur ki, bu, hidrokarbonatlı, kükürd qazlı (H2S) mineral sudur. Lakin suyun tərkibində natrium, kalsium və xlor normadan çoxdur.
İnstitutun Hidrogeologiya və mühəndisi geologiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilovun verdiyi məlumata görə, suyun tərkibində bu çoxluq göstəricilərinin ziyanlı olmadığını, yerin müxtəlif suxur qatlarından tektonik çatlar vasitəsilə keçib gələn sudakı digər komponentlərin onun nəinki ziyanını aradan qaldırır, hətta xeyrini artırır.
Geologiya İnstitutunda Azərbaycanın mineral sularının atlasının hazırlandığını, bununla əlaqədar olaraq mineral sularımızın kəmiyyət və keyfiyyət parametrlərinin də öyrənildiyini söyləyən Y.İsrafilov bu istiqamətdə tədqiqat obyektlərinin sırasına Bədo suyunun da daxil olduğunu qeyd etdi. O bildirdi ki, ölkəmizdəki əhəmiyyətli geoloji obyektlərin ekoloji pasportlarının hazırlanması üzrə də işlər aparılır. Pasportlar hazır olandan sonra parametrlərində qeyri-adi, maraqlı xüsusiyyətlər müəyyən olunan geoloji obyektlər "geoloji təbiət abidəsi" adını alacaq. Bədo pasportunu gözləyən obyektlərdən biridir.
İsmayıllı əhalisi Bədonu iyinə görə Dəvəçi rayonundakı Qalaaltı quyusunun suyu ilə eyni tipli hesab edir. Lakin alimlər onların tərkibində xeyli fərqlərin olduğunu qeyd edir. Belə ki, Qalaaltı suyunda maqnezium, həll olmuş üzvi maddələr - fenol, alifatik turşular, bitum və s. tərkiblər vardır, Bədoda isə yoxdur. Bu cür fərqlər çoxdur. Amma oxşar cəhədlər də istisna deyil.
Ölkəmizdəki bütün termal və mineral sular kimi Bədo suyunun da Yerin hansı dərinliyində və nə vaxt formalaşdığı məlum deyil. Alimlərimiz bu istiqamətdə böyük səylə tədqiqatlar aparsalar da hələ dəqiq nəticə əldə olunmayıb.
"Köhnəlmiş yumurta qoxusu" verən kükürd qazı mövcud olan Bədoda suyun temperaturu 15 dərəcədir. Bədo suyunun tərkibində yod yoxdur. Bu da sudan kortəbii istifadə etdikdə diş və damaq xəstəliklərinə səbəb olur.

Digər xəbərlər